Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alıb.
Fevralda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Nəqliyyat Forumu (BNF) ilə birgə həyata keçirilmiş “Azərbaycanda 2019-2022-ci illər ərzində nəqliyyatın dekarbonizasiyası” layihəsinin yekunu olaraq Azərbaycanda Nəqliyyatın Dekarbonizasiyası Regional Dialoq Tədbiri keçirilib.
Fevral ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Martda “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinə start verilib. Məqsəd ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.
Martda Azərbaycanda yüksəkixtisaslı kadrlar yetişdirən Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksəkixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayır.
Apreldə Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başlayıb.
Apreldə Rusiyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Mayda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni texnologiyaya əsaslanan elektron tərəzinin açılışı olub.
May ayında Azərkosmos və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azərkosmos və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.
Mayda Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib.
İyunda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verib.
İyulda nazir Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfər edib. Səfər çərçivəsində Rəşad Nəbiyev Pakistanın ticarət, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat sahəsi nazirləri, həmçinin Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru və aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb.
Avqustda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.
Avqustda Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Laçın şəhərində keçirilib.
Sentyabrda Sumqayıt şəhəri “İstedad” liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahələrində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, eləcə də şagirdlərin yerli, beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.
Sentyabrda nazir Rəşad Nəbiyev Çinə səfər çərçivəsində Çinin nəqliyyat naziri, Dəmir Yolları Administrasiyası, Çin Mülki Aviasiya Administrasiyası və aparıcı nəqliyyat şirkətləri olan “Yutong” və “Zhongtong”un rəhbərliyi, aparıcı logistika şirkətlərinin nümayəndələri, sənaye və informasiya texnologiyaları nazirinin müavini, aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri, həmçinin “Huawei” şirkətinin rəhbərliyi ilə görüşlər keçirib.
Sentyabr ayında Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.
Sentyabrda Bakıda VI Robot Olimpiadası təşkil olunub.
Oktyabrda “Aztelekom” Xankəndi və Xocalı ərazilərini internet magistral xətti və genişzolaqlı internet şəbəkəsi ilə təmin edib.
Oktyabrda radio-televiziya yayımı Xankəndidə də təmin olunmağa başlayıb.
Oktyabrın 2-6-da Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirilib. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak ediblər. Konqresə 132 ölkədən 5404 nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri və icraçı direktoru Kristian Faytinqer müsahibədə Bakı Konqresinin bütün gözləntiləri aşdığını və yeni təcrübələr qazandırdığını vurğulayıblar.
Oktyabrda Xankəndidə “Azərpoçt” MMC-nin filialı fəaliyyətə başlayıb.
Oktyabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycanda tədrisə başlayan dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”un açılış mərasimi baş tutub.
Oktyabrda Xankəndi, Xocalı və Əsgərana beynəlxalq telefon kodu verilib. Xankəndi ATS xidmət üçün mərkəz seçilib.
Noyabrda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb və şəbəkə quraşdırılıb.
Noyabrın 16-17-də “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransı keçirilib. Konfrans trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulması məqsədini daşıyıb.
Noyabrda Zəngilanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.
Noyabr ayında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Şuşa şəhərində keçirilib.
Noyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb.
Noyabrda Koreya və Azərbaycan arasında İKT sahəsi üzrə yeni qrant layihəsi həyata keçirilib.
Dekabrda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb.
Dekabrda “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələrin təqdimatı keçirilib.
Dekabrda nazir Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraqda səfərdə olub. Səfər zamanı İraq Prezidenti, Baş nazir, Nazirlər Kabinetinin üzvləri və biznes sənayesinin nümayəndələri, kommunikasiya, tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri, nəqliyyat, neft, müdafiə, ali təhsil sahəsi nazirləri, Müdafiə Sənayesi Komitəsinin rəhbəri, Rabitə və Media Komissiyasının Baş icraçı direktoru ilə görüşlər keçirilib. Səfər çərçivəsində Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın üçüncü iclası da keçirilib. Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib.
Dekabrın 27-dən etibarən vətəndaşlara Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər etmək imkanı yaradılıb.
Dekabrda Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.
Dekabr ayında Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb.
Dekabrda nəqliyyat sahəsində xidmətlərin elektronlaşdırılması və rəqəmsal transformasiyanın təmin edilməsi məqsədilə Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gedişhaqqını ödəmək imkanı yaradılıb.