1. Ümumi müddəalar

1. Ümumi müddəalar

  • 1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
  • 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
  • 1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  • 1.4. Nazirlik müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.
  • 1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
  • 1.6. Nazirlik Bakı şəhərində yerləşir.