İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma fəaliyyətinin bərpası
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və tarixi torpaqlarımıza Böyük Qayıdışın əsası qoyuldu. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun qurulması, doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şərait yaradılması dövlət siyasətinin prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının fəaliyyəti dövlət başçısının bu ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq davam etdirilir. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində vətəndaşların mərhələli şəkildə həmin ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açılıb.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Şuşa və Ağdam şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması məskunlaşma, tələbat, səfərlərin təhlükəsizliyi, həm də mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir.
Hazırda Bakı – Şuşa, Bakı – Ağdam, Bərdə – Ağdam, Əhmədbəyli (Füzuli) – Şuşa, Tərtər şəhəri – Talış kəndi, Horadiz (Füzuli) – Ağalı (Zəngilan), Horadiz – Laçın, Horadiz – Əhmədbəyli – Hadrut istiqamətlərində avtobus marşrutları fəaliyyət göstərir.
Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür. Artıq 3 istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.
Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.
Eyni zamanda “Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır. 27 dekabr 2023-cü il tarixindən etibarən vətəndaşlar Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə, 27 aprel 2024-cü il tarixindən isə Laçın şəhərinə fərdi minik avtomobilləri ilə də səfər edə bilirlər.
Səfər üçün əvvəlcədən “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən icazə alınır.