FM radio yayımın inkişafı

Hazırda əhalinin böyük hissəsinin istifadə etdiyi FM radio yayımların daha geniş ərazidə və müasir texniki vasitələrdən istifadə etməklə daha keyfiyyətli yayımının təmin edilməsinə olan zərurət, eləcə də radioyayımçılara dövlət dəstəyinin göstərilməsi məqsədilə Prezident İlham Əliyev 24 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncamın icrası çərçivəsində 13,7 milyon manat vəsait ayrılaraq radio yayımının təkmilləşdirilməsi və ölkə ərazisində milli radio proqramların əlçatanlığı təmin edilib.

Sözügedən Sərəncamda radioyayımçıların 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub. Bunun sayəsində həmin dövrdə radioyayımçıların kommersiya fəaliyyətlərini genişləndirmələrinə yeni imkanlar yaranıb.

Sözügedən Sərəncamın icrası nəticəsində əksər FM yayımların təkcə Bakı şəhəri və Abşeron yarımadasında deyil, bütün bölgələrdə təmin olunması ilə ölkə üzrə yayım coğrafiyası genişləndirilib. Yayım şəbəkəsinin inkişafı nəticəsində 17 Radio-Televiziya Yayım Stansiyası vasitəsilə 15-dək milli radio proqramın yayımı mümkün olub. Həmçinin 176 ədəd FM ötürücü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd RDS qurğusu xaricdən tədarük edilərək quraşdırılıb və radio siqnalların daha geniş ərazilərə çatdırılması təmin edilib. Əgər 1996 – 2024-cü illərdə respublikada cəmi 117 FM ötürücü fəaliyyət göstərirdisə, hazırda bu rəqəm təxminən iki dəfə artıb. Bu göstəricilər milli radio proqramlarının ölkə miqyasında daha geniş auditoriyaya çatmasına böyük töhfə verib.

Yeni Radio Data Sistemi vasitəsilə yayımın avtomatik tənzimlənməsi də təmin edilib. Bu sistemin köməyi ilə ölkəmizin avtomagistrallarında avtomobillə hərəkət zamanı eyni proqramın müxtəlif ötürücü stansiyalardan qəbul edilməsi avtomatik olaraq tənzimlənir ki, bu da dinləyicinin istədiyi radio proqramı fasiləsiz və əlavə tənzimləmə aparmadan keyfiyyətlə dinləməsinə imkan yaradır.

Həmçinin avadanlıqların müasir tələblərə cavab verən iş şəraiti ilə təmin edilməsi məqsədilə stansiyalarda təmir-bərpa işləri həyata keçirilib və havalandırma sistemləri qurulub.

Eyni zamanda radioyayım şəbəkəsinin elektrik enerji təsərrüfatının dayanıqlığının artırılması istiqamətində bir sıra işlər görülüb.

Bu işlərin həyata keçirilməsi ilə ölkənin milli təhlükəsizliyi də gücləndirilib. FM tezlik resurslarının yerli yayım üçün istifadə edilməsi xarici FM tezlikləri məşğul edir və informasiya təhlükəsizliyini möhkəmləndirir. Yeni ayrılan və beynəlxalq koordinasiyası həyata keçirilən 127 tezlik nominalının qonşu dövlətlər tərəfindən istifadəsinin mümkün olmaması Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi töhfə verib.

Radioyayım şəbəkəsində istismara verilən yeni avadanlıqların müasir texniki imkanlılığı sayəsində onların məsafədən idarə edilməsi mümkün olub. Bu da öz növbəsində idarəetmənin təkmilləşdirilməsinə və avadanlıqların iş rejimində baş verə biləcək bütün problemlərin real vaxt rejimində məsafədən aradan qaldırılmasına imkan verir.