Sertifikatlaşdırma

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının yaradılması və saxlanılması, telekommunikasiya vasitələri və qurğularının texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılqılı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktını müəyyənləşdirməkdir.

Sertifikatlaşdırma proseduru “Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “AzİnTelecom” MMC tərəfindən həyata keçirilir. “AzİnTelecom” MMC 01.12.2017-ci il tarixindən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 “Uyğunluğun qiymətləndirilməsi, məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” və AZS İSO/İEC 17025-2009 “Sınaq və kalibirləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiyadan keçmiş və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahib olmuşdur.

"Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən həmin attestatlar 2021-ci ildə yenilənmiş, 2022-ci ildə isə müvafiq dəyişikliklər əlavə edilmişdir.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas məqsədi bunlardır: 

  • Vahid əmtəə bazarında müəssisə və təşkilatların fəaliyyəti üçün lazımi şəraitin yaradılması;
  • QTŞ-də tətbiq etmək üçün telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi;
  • İstehlakçıların keyfiyyətli məhsulun alınmasında köməklik göstərilməsi;
  • İstehlakçıların keyfiyyətsiz mal hazırlayan istehlakçılardan müdafiə olunması;
  • Telekommunikasiya vasitələri və qurğularının texniki səviyyəsinin və keyfiyyət göstəricilərinin, elektromaqnit uzlaşması da daxil olmaqla istehlakçıların tələbləri səviyyəsinə qaldırılması;
  • Daxili bazarda əsaslandırılmış rəqabət üçün şərait yaradılması;
  • Qabaqcıl texnologiyanın tətbiq edilməsinə şərait yaradılması.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün tələb olunan sənədlər

 

Telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması üçün “AzInTelecom” MMC-nin rəsmi veb-saytında aşağıdakı URL üzrə müraciət edilə bilər.

EN (ingiliscə) https://azintelecom.az/en/key-activities/centralized-information-systems/certification/