Lisenziyalaşdırma
Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.
Qeyd olunan Qanuna 1 nömrəli əlavənin “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısının 6-cı sıra nömrəsində göstərilən aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər (fəaliyyət növləri) |
Dövlət rüsumunun məbləği |
6. Telekommunikasiya və poçt rabitəsi xidmətləri:: |
|
telefon (məftilli) |
2 500 manat |
radiotrank və simsiz telefon |
2 500 manat |
IP-telefoniya (internet telefoniya) |
50 000 manat |
ölkədaxili telekommunikasiya kanallarının təşkili |
2 500 manat |
beynəlxalq telekommunikasiya kanallarının təşkili |
5 500 manat |
məlumatların ötürülməsi (data) |
3 000 manat |
sürətli poçt xidməti |
1 250 manat |
Qeyd olunan Qanuna “2 nömrəli əlavənin 3, 4 və 4-1-ci maddələrində” göstərilən aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər (fəaliyyət növləri) |
Dövlət rüsumunun məbləği |
Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi |
1100 manat |
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi |
1100 manat |
Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) |
1 000 000 manat |
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 22-ci maddəsi ilə müəyyən edilmişdir:
Ərizəçi yuxarıda qeyd olunan fəaliyyət növlərinə lisenziya alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edir və lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim edir (ərizə formasını və tələb olunan sənədlərin siyahısını bu linkdən əldə edə bilərsiniz).
Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra, lisenziya verilməsindən imtina edilmədikdə, ərizəçi lisenziya verilməsi üçün müəyyən edilən dövlət rüsumunu ödəyir və ödəniş sənədini lisenziya verən orqana təqdim edir.
Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 (on) iş günündən gec olmayaraq lisenziyanı verir və ya lisenziyanın verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
Lisenziyalar [sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya istisna olmaqla] müddətsiz verilir.
Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya 10 (on) il müddətinə verilir. Eyni zamanda, bu fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 (otuz) gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır.
Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir.