Mülki aviasiya

20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçub. Bu, Sergey Utoçkinin idarə etdiyi "Farman-4" sistemli fransız biplanı olub.

Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olunub: 1923-cü ildə "ZAKAVİA" Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Onun təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olub. "ZAKAVİA"-nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə edilib.

1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki "Hava stansiyası" yaradılıb. 1926-cı ildə Mineralnıye -Vodı - Qroznı - Mahaçqala - Bakı - Yevlax -Tiflis marşrutları üzrə müntəzəm uçuşların həyata keçirilməsinə başlanılıb.

Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkur" tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olub. Həmin dövrdə hava gəmilərində heç bir naviqasiya cihazları mövcud olmayıb. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək hərəkət ediblər.

1929-cu ildə Xarkov - Bakı - Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilib. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli "ХАİ-1" və "Stal-3" (Сталь-3) təyyarələrinin xidmət göstərdiyi Bakı - Moskva istiqamətində müntəzəm marşrut açılıb.

Növbəti ildə Bakı - Xarkov, Bakı - Qroznı, Bakı - Rostov, Bakı - Həştərxan, Bakı -Tiflis reysləri işə salınıb, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edilib. 02 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib.

Azərbaycanın aviasiyası 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi altında çalışıb.

Nəhayət, İkinci Dünya müharibəsinin döyüşləri sona yetdi və Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni "Li-2", "İl-14", "İL-18", "An-24", xüsusi təyinatlı "An-2", "Mi-1" və "Mi-4" helikopterləri görünməyə başlayıb.

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr 70-80-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları   təchiz olunub, hava limanları tikilib. Onlar "Yak-40" reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın 1 rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilib.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində avialayner parkı Sovet İttifaqının ərazisində ilk "Tu-134" və "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterləri alanlardan biri olub. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınmış - sürətli, komfortlu və əlverişli növünə çevrilir.

Mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyulur. Bu, Aviaparkı müasir "Boeing-757" təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verib.

Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılmış Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevrilməyə imkan verib. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı olub.

Növbəti illərdə Naxçıvan Beynəlxalq Hava Himanı, Gəncə Beynəlxalq Hava Limanı və Zabrat Hava Limanında yeni təyyarə vağzalının binası istismara verilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda beşulduzlu mehmanxana tikilib. 2008-ci ildə Lənkəran və Zaqatala beynəlxalq hava limanları açılıb. Mülki hava donanmasının tərkibinə "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olunub. Yük təyyarələri üçün nəzərdə tutulmuş parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənib.

Qeyd edək ki, mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

Agentlik “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilib.

 

“Azərbaycan Hava Yolları”

1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılıb.

1996-cı ildə "Azərbaycan Hava Yolları" konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi, 1997-ci ildə "Azərbaycan Hava Yolları"nın tərkibində AZALOIL müəssisəsi yaradılıb.

1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılıb.

2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk “Boeing 757-200” model təyyarələr alıb.

2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə "Binə" Hava Limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adlandırılıb.

2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu alıb.

2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açılıb.

2006-cı ildə Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulub.

Bu sahədə həyata keçirilən modernləşdirmə tədbirlərinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırılıb.

2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status alıb.

2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı verib.

2011-ci ildə "Azərbaycan Hava Yolları" "Boeing 767-300ER" tipli təyyarələr alıb.

2012-ci ildə Qəbələdə beynəlxalq hava limanı tikilib.

2013-cü ildə "Azərbaycan Hava Yolları" “Airbus A340-500” uzaq magistrallı sərnişin təyyarələri əldə edib.

2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılıb.

2014-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilib.

2014-cü ildə "Azərbaycan Hava Yolları" hava gəmiləri parkına müasir “Boeing 787-8 Dreamliner” təyyarələrini əlavə edib.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Braziliya istehsalı olan “Embraer 190” və “Embraer 170” reaktiv təyyarələrini alıb.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlayıb.

2015-ci ildə Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısına və Heydər Əliyev Beynəlxalq Hava Limanına nüfuzlu "4 ulduz" reytinqini verib.

2016-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə “Open Skies” sazişi imzalayıb.

2016-cı ildə Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulub. Hava limanında ilk dəfə teleskopik traplar qurulub.

2016-cı ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti – “Buta Airways” yaradılıb.

2017-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı adlandırıb.

2018-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını maksimal "5 Ulduz" statusuna layiq görüb.

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.

Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının -  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir.

AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.