Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olub. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km təşkil edib.
1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlayıb.
1926-cı ildə respublikada 896 ədəd avtomobil olub, ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər olub. Yük avtomobillərinin 400-dən bir qədər çoxu "AzNeft”in sərəncamında olub.
Avtomobil parkının artması şose yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şose yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edib.
Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatın təmin olunması məqsədi ilə çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri olub.
Bu məqsədlə, 1935-1936-cı illərdə respublikamızda "Soyuztrans" adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradılıb. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərib.
1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (avtomobillərin sayı 600-800 ədəd olub), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi yaradılıb.
Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatıb və onun nəzdində 140 ANM, 9 sənaye, 11 tikinti müəssisəsi olub.
1992-ci ilin fevral ayında "Azəravtonəqliyyat" Dövlət Konserni yaradılıb. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 ədəd yük, 7600 ədəd minik (taksi) avtomobillərindən və 5800 ədəd avtobusdan ibarət olub.
Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi proqramlarına uyğun olaraq, 1995-ci ildən başlayaraq, nəqliyyat müəssisələrinin özəlləşdirilməsinə başlanılmış və hal-hazırda demək olar ki, bütün avtonəqliyyat müəssisələri özəlləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı Fərmanı ilə “Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. Fərmanın 8-ci bəndinin icrası olaraq Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 4 nömrəli əmri ilə “Avtonəqliyyatservis” Departamenti yaradılıb.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, eləcə də dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərin tənzimlənməsi və dövlət nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2008-ci il 1 aprel tarixində “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmiş, bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının tələblərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamenti MMC-nin əsasında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edib, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görüb, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edib, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edib, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüb, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir.