“Rəqəmsal hökumət”in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Rəqəmsal hökumət”in (ingilis dilində Digital Government) formalaşdırılması hesab edilir.
“Rəqəmsal hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
“Rəqəmsal hökumət”in əsas fəaliyyət prinsipləri:
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
“Rəqəmsal hökumət”in əhəmiyyəti:
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
“Rəqəmsal hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
“Rəqəmsal hökumət”in əsas üstünlükləri
1. Hökumət üçün:
Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması;
Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması;
Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması;
Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması.
2. Vətəndaşlar üçün:
Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi;
Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi;
İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq;
Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi.
3. Biznes sektoru üçün:
Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması;
İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması.