Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib.

“PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər.

Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

28 mart 2023-cü il tarixində baş tutan açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər.