Tvinninq
2022-ci il oktyabrın 7-də “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinə start verilib.
Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və birbaşa benefisiarı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər müvafiq qurumların da layihədə yaxından iştirakı planlaşdırılır.
Layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir.
Büdcəsi 1 milyon avro dəyərində olan layihənin 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.
Layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.
2023-cü il martın 3-də Bakıda “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. Mövzu bu təşəbbüsdə iştirak edən ölkələrin – Azərbaycan, Polşa və Litvanın müxtəlif maraqlı tərəflərini bir araya gətirib. Tədbir Tvinninq layihəsində iştirak edən qurumlarla daha yaxından tanış olmaq, onun əhatə dairəsini və gözlənilən nəticələri ictimaiyyətə təqdim etmək imkanı yaradıb.