Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı

16 noyabr 2025-ci il tarixində Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” keçirilib.
60-dan çox ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etmək olub.
17-28 noyabr 2025-ci il tarixlərində Bakıda MDB regionunda ilk dəfə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) təşkil olunub.
Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.
Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. Tədbirdə 160-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə Azərbaycanın qlobal rəqəmsal inkişafın təşviqinə və hamı üçün inklüziv bağlantının təmin edilməsinə sadiqliyi vurğulanıb.
İki həftə ərzində keçirilən yüksəksəviyyəli plenar iclaslar və dialoqlar regional, eləcə də beynəlxalq rəqəmsal inkişaf strategiyalarının geniş müzakirəsinə imkan yaradıb.
BTİ-yə üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədini daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Konfransda Bakı Fəaliyyət Planı, Bakı Bəyannaməsi və qətnamələr paketi qəbul olunub.
Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın inkişafı sektorunun Qadınlar Şəbəkəsi (NoW in ITU-D) Bakıda xüsusi tədbir təşkil edib. Tədbir qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində liderliyinin, qərarvermə proseslərində daha fəal iştirakının dəstəklənməsi məqsədilə keçirilib.
Konfrans çərçivəsində, həmçinin bir sıra ölkələr sosial tədbirlər də təşkil edib. Bu format nümayəndə heyətlərinə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasına keçiriləcək seçkilərdə dəstək qazanmaq üçün öz təşəbbüslərini təqdim etmək imkanı verib.