74-cü Beynəlxalq Astronavtika Konqresi

2-6 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.

Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək 7800 kvadrat metrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq.