“BakıKart” mobil tətbiqi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini daha rahat və funksional etmək məqsədilə “BakıKart” mobil tətbiqinin təkmilləşdirilmiş versiyasını ictimaiyyətin istifadəsinə təqdim edib. Yeni tətbiq ictimai nəqliyyatda rəqəmsal həllərin genişlənməsinə xidmət edir və istifadəçilərə bir sıra yeni imkanlar təqdim edir.
Tətbiqin əsas funksiyaları aşağıdakılardır:
🔹 Balansın artırılması və ödəniş imkanı: “BakıKart” plastik kartlarının balansını mobil tətbiq üzərindən artırmaq.
🔹 QR bilet funksiyası: İstifadəçilər mobil tətbiq vasitəsilə QR bilet yarada, bir neçə bilet əldə edə və əvvəlki biletlərin tarixçəsini izləyə bilərlər.
🔹 Bilet və tariflər barədə məlumat: Tətbiq vasitəsilə ictimai nəqliyyat marşrutlarında tətbiq olunan gedişhaqqı və tariflər haqqında ətraflı məlumat əldə etmək mümkündür. Bu da sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
🔹 Sadə və təhlükəsiz qeydiyyat: Qeydiyyat prosesi maksimum sadələşdirilmişdir – istifadəçilər mobil nömrə və şifr ilə sistemə daxil ola bilirlər.
🔹 Vahid istifadəçi hesabı: Mobil tətbiq və www.bakikart.az internet portalı vahid hesab sistemi üzərində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, istifadəçilər hər iki platformada eyni hesab məlumatları ilə daxil ola bilərlər.
AYNA-nın məlumatına əsasən, “BakıKart” mobil tətbiqində edilmiş təkmilləşdirmələr rəqəmsal nəqliyyat xidmətlərinin daha geniş əhatə olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnunluğunun artırılmasına yönəlib.
“BakıKart” mobil tətbiqinin beta versiyası artıq “App Store” və “Google Play Store” platformalarında yükləmə üçün əlçatandır.