“AZINCLOUD”
“AZINCLOUD” özünəxidmət platforması kimi fəaliyyət göstərən ictimai “bulud” xidməti olub hər kəs, o cümlədən bütün qurumlar, kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər və startaplar üçün “bulud” həllərinə anında əlçatanlıq yaradır. Bu platforma vasitəsilə istifadəçi xidmət ofisinə getmədən onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilər.
“AZINCLOUD”dan hansı məqsədlə istifadə edilir?
“AZINCLOUD” məlumatların saxlanması, emalı və idarə olunması üçün istifadə edilir. Ümumi şəkildə istifadə məqsədlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Veb-sayt və tətbiqlərin yerləşdirilməsi (hosting);
- Məlumat bazalarının saxlanılması;
- İT infrastrukturun icarəsi;
- Ehtiyat nüsxələrin (backup) yaradılması;
- Yüksək hesablama gücü tələb edən layihələrin işlədilməsi.
Bunlarla yanaşı, konsol daxilində öz virtual maşınınızı yarada, resursları uzunmüddətli rezerv edə və digər bənzər “bulud” xidmətləri əldə edə bilərsiniz.
Niyə qlobal “bulud” platformalarını yox, “AZINCLOUD”u seçməli?
Ödənişin Azərbaycan manatı ilə olması – bu cür ödəmə üsulu valyuta dalğalanması riskini aradan qaldırır. Beləliklə, istifadəçi qlobal “bulud” platformalarından istifadə edərkən əlavə komissiya ödəyirdisə, burada yerli platformaya milli valyuta ilə ödəniş edərək komissiyalardan azad olur.
Azərbaycan dilində interfeys – qlobal “bulud” xidmətlərindən istifadə etmək üçün müəyyən qədər texniki bilik və əlavə dil biliyi lazım olur, lakin “AZINCLOUD”da bütün platforma, o cümlədən konsol ana dilimizdədir və sadə interfeysə malikdir. Bu da istifadəçilər üçün idarəetməni rahatlaşdırır.
“AZINCLOUD” istifadəçilər üçün niyə daha sərfəlidir?
Xərclərin azaldılması – avadanlıq almaq və öz fiziki serverini qurmaq kifayət qədər maddi resurs tələb edir. “AZINCLOUD” isə fiziki server almadan “bulud” mühitindən istifadə və “istifadə etdiyin qədər ödə” modeli təklif etdiyindən xərcləri azaltmağa kömək edir.
Resursların istənilən vaxt miqyaslana bilməsi (scalability) – “AZINCLOUD” ilə RAM, CPU, yaddaş həcmini artırmaq mümkündür və istifadəçi sayı artdıqca, sistem genişləndirilə bilir.
Məlumat təhlükəsizliyi – xarici serverlərdə saxlanılan müştəri məlumatları, ödəmə məlumatları, mühüm sənədlər və hər hansı məlumatların qorunması ilə bağlı risklər daha çoxdur. Məsələ hüquqi müstəviyə daşınarsa, burada xarici dövlətin qanunvericiliyi əsas götürülür. “AZINCLOUD” isə bütün məlumatları daxili serverlərdə tam təhlükəsiz formada qoruyur və onun istifadəsi hüquqi baxımdan yerli qanunvericiliyə tam uyğundur.
İstifadəçi dostu – “AZINCLOUD” öz istifadəçisinə ana dilində və 24/7 yerli texniki dəstək komandası təklif etdiyindən hər hansı çətinlik qısa zaman kəsiyində həll olunur.
İstifadəçilər https://azincloud.az/az saytında qeydiyyatdan keçib bank kartını əlavə edərək xidmətlərdən anında yararlana bilərlər.