Tez-tez verilən suallar

Tez-tez verilən suallara burada cavab tapa bilərsiniz. Əlavə suallarınız olarsa, əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

  • 1. Xidmətin göstərilməsi üçün sifarişçinin təqdim edəcəyi müraciət ərizəsi (Sifariş blankı).

    2.Xidmət müqaviləsinin bağlanılması üçün sənədlər:

    2.1. Hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnaməsi (VÖEN).

    2.2. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrindən çıxarış.

    2.3. Nizamnamə.

    2.4. Bank rekvizitləri.

    3. Sınaqlar üçün təqdim ediləcək nümunələrin təhvil-təslim aktı, 2 (iki) nüsxədə, forma “AzInTelecom” MMC tərəfindən təqdim edilir.

    4. TVQ-lərin normativ-texniki sənədləri və texniki təsvir sənədləri:

    4.1. Texniki təsvir, pasport, spesifikasiyalar (ing. Technical Description, Datasheet, Specifications; rus. Техническое Описание, Паспорт, Спецификации).

    4.2. Uyğunluq bəyannaməsi (ing. Declaration of Conformity, DoC; rus. Декларация Соответствия).

    5. TVQ-lərin mənşə sənədləri:

    5.1. Mənşə sertifikatı (ing. Certificate of Origin, CoO; rus. Сертификат Происхождения).

    5.2. İnvoys (ing. Invoice; rus. Инвойс) – məhsulun alındığını təsdiq edir.

    5.3. Gömrük bəyannaməsi.

    Xidmətdən istifadə üçün Vahid Elektron Xidmətlər Portalına keçid edə bilərsiniz.

    Sertifikatlaşdırma barədə məlumat və əlaqə üçün məlumatları əldə etmək üçün “AzInTelecom” MMC-nin rəsmi veb-saytına müraciət edə bilərsiniz.

  • Aztelekom şəbəkəsi vasitəsilə:

    Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

    Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

    Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

     

    Baktelecom şəbəkəsi vasitəsilə:

    Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

    Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

    Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

  • Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin bir sıra üstünlükləri mövcuddur.

    Əsas üstünlükləri:

     

    “Aztelekom” şəbəkəsi üzərindən

    100 mbt/s qədər yüksək sürət;

    24/7 rejimində kəsintisiz ötürülmə;

    Kəsintisiz internet;

    Videomüşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;

    Telefon xətlərindən asılılığın olmaması.

     

    “Baktelecom” şəbəkəsi üzərindən

    100 mbt/s qədər yüksək sürət;

    24/7 rejimində kəsintisiz ötürülmə;

    Kəsintisiz internet;

    Videomüşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;

    Telefon xətlərindən asılılığın olmaması.

  • Rabitə sahəsindəki bütün tariflər nazirliyin və aidiyyəti qurumların saytlarının müvafiq bölmələrində yerləşdirilib.

  • “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində poçt rabitəsi sahəsini idarə edən və dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinə əsasən sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir və bu fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.

  • “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən “Poçt göndərişi – poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi “M” kisələri, bağlamalar” hesab olunur.

    Əlavə olaraq bildiririk ki, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.32-ci bəndinə əsasən “sürətli poçt göndərişi – fiziki baxımdan qəbulu, daşınması və çatdırılması ən sürətli üsulla həyata keçirilən tərkibi sənəd və (və ya) mallardan ibarət qeydiyyatlı poçt göndərişi” hesab olunur.

  • “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən “Poçt rabitəsi – poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi”, 1.0.2-ci maddəyə əsasən “Poçt rabitəsi xidmətləri – poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyətihesab olunur və çatdırılmanı təmin edən bu tip obyektlər üçün lisenziya (lisenziya əlavəsinin) alınması zəruridir.

    Fəaliyyətini ticarət və iaşə obyektlərinin içərisində (mebel və ət dükanı, bərbər, telefon mağazası və s.) təşkil edən şəxslər Poçt haqqında Qanunun 8.0.5-ci bəndinin “Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi” tələbini kobud şəkildə pozurlar. 26-cı maddəyə əsasən bu qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

  • “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən, poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirməlidir. Eyni zamanda, lisenziya və lisenziyaya əlavənin alınması üçün müraciət edən şəxslər tərəfindən fəaliyyət ünvanlarına dair aşağıdakı tələblərin (şərtlərin) yerinə yetirilməsi zəruridir:

     

    1.1. Poçt obyekti fərdi inşa edilmiş binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində, ticarət və ya digər satış obyektlərində tikintisi və təmir işləri başa çatmış, istismara yararlı sahələrdə təşkil olunur (zirzəmi istisna olmaqla).

    1.2. Poçt obyektinin yerləşdiyi binanın (sahənin) və ticarət obyektlərində təcrid edilmiş sahənin girişində poçt operatorunun adı, iş rejimi, əlaqə nömrəsi və həyata keçirilən fəaliyyət növü haqqında dövlət dilində məlumat lövhəsi yerləşdirilr.

    1.3. Poçt obyekti üçün tələblər

    1.3.1. 20 m²-dən az olmayan ümumi sahə;

    1.3.2. poçt göndərişlərinin qəbulu, saxlanması və verilməsi üçün baryerlə istifadəçilərdən təcrid olunmuş masa;

    1.3.3. poçt göndərişlərinin saxlanması üçün rəflərlə təchiz edilmiş anbar;

    1.3.4. kompüter, printer, elektron tərəzi, kod oxuyucu skaner;

    1.3.5. poçt göndərişlərinin çatdırılma müddətləri və əhatə dairəsi (normativləri) barədə ərizəçi tərəfindən təsdiq edilmiş məlumatlar;

    1.3.6. xidmətlər üzrə ərizəçi tərəfindən təsdiq edilmiş tariflər;

    1.3.7. poçt göndərişlərinin ərizəçi tərəfindən təsdiq edilmiş ölçü və çəki hədləri;

    1.3.8. xidmətlər (daxili, beynəlxalq) barədə məlumatlar;

    1.3.9. ərizəçiyə məxsus sayt (və ya mobil APP), elektron poçt ünvanı və poçt göndərişlərinin izlənilməsi üçün proqram təminatı;

    1.3.10. məsuliyyət sığortasının olması barədə müvafiq müqavilə;

    1.3.11. obyektin təhlükəsizliyi üçün təhlükəsizlik kameraları və yanğından mühafizə avadanlıqları;

    1.3.12. adlı və digər qiymətli əşyaların saxlanması üçün yanmayan seyf.

  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lisenziya tələb olunan sürətli poçt xidməti fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduğu üçün, Qanunun 19.6.4-cü maddəsinə müvafiq olaraq həmin obyektin lisenziya alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğu müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən yerində qiymətləndirilir. Bununla əlaqədar obyektin (mübadilə məntəqəsinin) yerində qiymətləndirilməsinə dair Akt tərtib olunur. Poçt obyektinə (mübadilə məntəqəsinə) baxışın keçirilməsi üçün ərizəçi tərəfindən  aidiyyəti dövlət orqanlarına müvafiq şərait yaradılmalıdır. 

    “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci maddəsinin tələblərinə uyğun olaraq, sürətli poçt xidməti fəaliyyət növü üzrə lisenziya və əlavə əldə etmək məqsədilə müraciət etmiş ərizəçi lisenziya verilməsi şərtlərini tam yerinə yetirdikdə müsbət rəy, yerinə yetirmədikdə və ya qismən yerinə yetirdikdə isə lisenziya verən orqana mənfi rəy göndərilir.

  • Azərbaycandan göndərilməsinə qadağa qoyulan və şərti icazə verilən mallar, həmçinin idxalına qadağa qoyulan və şərti icazə verilən mallar haqqında məlumatlarla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

  • Poçt göndərişlərinin tarifləri onların növündən, kateqoriyasından, çəkisindən, göndərilmə üsulundan, istiqamətindən və təyinat ölkəsindən asılı olaraq müəyyən edilir. Poçt göndərişinizin tarifini azerpost.az saytının əsas səhifəsində yerləşən poçt kalkulyatoru bölməsinə daxil olaraq hesablaya bilərsiniz.

  • “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il № 40 qərarına müvafiq olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti deyil. Bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır.

  • Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə alqı-satqı müqaviləsi və ya berbout-çarter müqaviləsi imzalandığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya gəmi sahibləri tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir və aşağıdakı sənədlər tələb olunur:


    Ərizə-anket, Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə), hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti, gəmiyə mülkiyyət hüququna dair sənəd, xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti, gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd, çağırış siqnalının alınmasını təsdiq edən sənəd, gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt, ölçü şəhadətnaməsi, gəminin təsnifat şəhadətnaməsi, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallara (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) xüsusi lisenziyaların (icazələrin) verilməsi Qaydaları”na uyğun olaraq ərizəçi Dövlət Dəniz və Liman Agentliyinə müraciət etməklə yanaşı, malalan (malgöndərən) və son istifadəçi malların son istifadəsinə və texniki təsnifatı barədə məlumatları, bağlanmış müqavilənin (kontraktın) surətini, habelə ixrac edilən malın mənşə sertifikatının əslini təqdim etməlidir. Qanuna uyğun olaraq zəruri hallarda digər sənədlər də tələb oluna bilər.

     

  • Vətəndaşlar kiber insidentlə qarşılaşdıqda “1654” Çağrı Mərkəzi, www.cert.az internet saytı,  report@cert.az  elektron poçt ünvanı vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

     

  • Hesabınız bloklandıqda, hesabınıza daxil olduğunuz zaman hesabınızın bloklanması barədə bildiriş göstərilir. Əgər qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, 30 gün ərzində qərarın yenidən nəzərdən keçirilməsi üçün “Facebook”a müraciət edə bilərsiniz. Bu müddət keçdikdən sonra hesabınız birdəfəlik silinir və müraciət etmə şansınızı itirirsiniz.


    Qeyd: “Facebook” qaydalarına əsasən, ciddi və ya təkrar pozuntular zamanı hesab xəbərdarlıq edilmədən birdəfəlik silinə bilər.
    Hesabınız bloklandıqda aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun: Forma keçid

     

    Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

  • İnformasiya resursunda müəyyən qeyri-etik normalarla qarşılaşdıqda və ya insanın şərəf və ləyaqətinə toxunan, yaxud digər qeyri-qanuni əməllərə rast gəldikdə, hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

  • Mobil cihazların qeydiyyatı üçün dövlət rüsumu ilə bağlı məlumatları Vahid Elektron Xidmətlər Portalına daxil olaraq Mobil Cihazların Qeydiyyat Tarifləri bölməsindən əldə etmək mümkündür.

    QEYD: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiymətinə uyğun olaraq müəyyən edilir. Markası, modeli, habelə bazar qiyməti müəyyən olunmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

  • SİMA yeni nəsil rəqəmsal imza –  bulud texnologiyalarına əsaslanan, üztanıma və açıq açar texnologiyasını özündə birləşdirən bir həldir. Vətəndaşlar üçün tamamilə ödənişsiz olan SİMA dövlət qurumları və özəl şirkətlərin maliyyə, sığorta və digər sahələrdə təqdim etdiyi elektron xidmətlərindən istifadə olunduqda tətbiq edilə bilər. Daha ətraflı məlumatı sima.az linki üzərindən keçid edərək əldə edə bilərsiniz.