“Holberton Azərbaycan” məktəbi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində “PASHA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”la əməkdaşlıq edir.

Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksəkkeyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana bilər.

Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir. Bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradır.

Seçim prosesi onlayn formada baş tutur. Belə ki, müvafiq veb-saytdan qeydiyyatdan keçərək müraciət edən şəxslərə 3 addımdan ibarət tapşırıqlar verilir. Sonuncu addımda namizədlər Holberton nümayəndələri tərəfindən müsahibəyə cəlb olunurlar. Bu mərhələlərdə namizədin məntiqi və analitik düşüncə qabiliyyəti ölçülür və ondan kompüter elmləri, proqramlaşdırma bilikləri tələb olunmur. Seçim prosesi ingilis dilində baş tutduğundan namizədin dil biliyinin olması zəruridir. Bu mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edir və tam təqaüdlü təhsil imkanı qazanır.

Proqram müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edir. Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə bilir və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi, artırılmış və virtual reallıq, “Low level and Algorithms”, “Full stack”, “Front-end” və “Back-end” proqramlaşdırma) müraciət edə bilirlər.