“AzParking” mobil tətbiqi

Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilən parklanma yerləri Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında idarə olunur. Yeni qaydalar bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.

İstifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malikdir. Əvvəlcədən gediləcək ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı da məlumat əldə etmək mümkündür.

Proqram təminatının “Parkinq” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək olar. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb. Ödənişləri bank kartları vasitəsilə də etmək mümkündür. Parkinq zamanı öncədən ödəniş seçildikdə istifadəçi müəyyən etdiyi müddət üzrə ödənişi əvvəlcədən həyata keçirir və həmin vaxt tamamlandıqda parkinq avtomatik olaraq dayandırılır, sonradan ödəniş seçildikdə isə istifadəçi parkinqi çıxış zamanı özü sonlandırır və ödəniş faktiki istifadə müddətinə əsasən hesablanır.

Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları doldurmalı və müraciət zamanı yaşayış qeydiyyatında olduğu ünvanı göstərməlidir. Əgər qeydiyyatda olduğu ünvanın sağ və sol hissəsində 100 metr radiusda parklanma yerləri mövcuddursa, istifadəçi bu imkandan yararlana bilər. Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.