Dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası 1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Həmin təşkilata üzv dövlətlərin sayı hazırda 175-dir.
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli 1271 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası yaradılmışdır.
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi yaradılmışdır. Həmin Fərmanla Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə verilmişdir.
“Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə, həmçinin Azərbaycan Respublikasının dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxs yaradılmışdır.
Dövlət Dəniz və Liman Agentliyi Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Ölkəmizin dəniz nəqliyyatı sahəsindəki potensialından optimal və səmərəli şəkildə istifadə edilməsi, daim yenilənən beynəlxalq tələblərin və təcrübənin sistemli şəkildə ölkəmizdə tətbiqi, dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin effektiv yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyəti təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirilir.
Respublikamızda dəniz limanlarının və gəmiçiliyin inkişafı, dəniz nəqliyyatı donanmasının yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə xüsusi həssaslıqla yanaşılır.
Hazırda dəniz nəqliyyatı donanmasında sərnişin bərələri, “Ro-Ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur.