“SİMA İmza” – Yeni nəsil rəqəmsal imza
“SİMA İmza” – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı “SİMA İmza” əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. “SİMA İmza” Azərbaycan Respublikasının vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər tərəfindən istifadə olunur.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. “SİMA İmza”nın tərəfdaşlarına təqdim etdiyi üstünlüklərdən biri də istənilən sistemə inteqrasiya oluna bilməsidir. Eləcə də avtomatlaşdırma sayəsində istifadəçilərə sürətli və limitsiz sayda imzalama imkanı qazandırır. Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir.
“SİMA İmza”nın vətəndaşlar üçün tam pulsuz olması, heç yerə getmədən cəmi 1 dəqiqə ərzində mobil tətbiqdə qeydiyyatdan keçərək əldə olunması, imzanı əldə etmək üçün tək şəxsiyyət vəsiqəsinin kifayət etməsi vətəndaşlar kimi, tərəfdaş qurumların da iş yükünü azaldır, vaxta və xərcə qənaət etmək üçün zəmin yaradır.
“SİMA İmza”nın maliyyə əməliyyatları zamanı tərəfdaşlarına qazandırdığı ən mühüm üstünlük isə imzanın etibarlılığıdır. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin “SİMA İmza”sı ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək. Bu rəqəmsal imza bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, GSM operator, dövlət və özəl qurumlarının xidmətlərindən istifadə zamanı tətbiq edilir.
“SİMA İmza” Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında”, “Biometrik informasiya haqqında” qanunlarına və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına tam uyğundur.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.