“Onlayn Azərbaycan”
Ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə “Onlayn Azərbaycan” layihəsi həyata keçirilib.
Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azeronline LTD” və “Smart Systems Tecnology” şirkətləri olub.
GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı həll yolları əsasında aparılan işlər 2017-ci ildə başladılsa da, 2021-ci ildən etibarən, regionlar daxil olmaqla, geniş miqyasda həyata keçirilib.
“Onlayn Azərbaycan” layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilib.
Bu texnologiya internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, eləcə də IPTV və digər əlavə xidmətlər göstərməyə imkan yaradır. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON texnologiyası texniki olaraq 1 gigabit/s-dək sürətli internetin təmin edilməsi üçün imkan yaradır. Bu optik texnologiya təbii deformasiyaya dözümlüdür və məlumatı (siqnalı) ən sürətli şəkildə ünvana çatdırır.
“Onlayn Azərbaycan” layihəsinin hədəfi ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunması idi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri olub.
Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib.
Layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib.