“digital.bridge”
“digital.bridge” – Milli Məlumat Mübadiləsi Platforması məlumatların yalnız bir dəfə qeydiyyatdan keçirilməsi əsasında bir neçə informasiya sistemi arasında inteqrasiyanı təmin edən mərkəzləşdirilmiş platformadır. Bu platforma dövlət qurumları, özəl sektor və vətəndaşlar arasında məlumat mübadiləsini asanlaşdıraraq xidmətlərin səmərəliliyini və əlçatanlığını artırır.
“digital.bridge” üç əsas istiqamətdə fəaliyyət göstərir. Dövlət qurumları arasında məlumat mübadiləsi əməkdaşlığın güclənməsinə və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə imkan yaradır. Dövlət-özəl istiqamətində dövlət orqanlarının özəl sektorla əlaqələndirilməsi təmin olunur və məlumatların mübadiləsi daha rahat və sürətli formada həyata keçirilir. Dövlət-vətəndaş istiqaməti isə vətəndaşlara rəsmi qurumlardan xidmətlərə və məlumatlara birbaşa çıxış imkanı yaradır.
Məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4.5.2-ci yarımbəndinə əsasən hüquqi əsasın yoxlanılması ilə verilən icazələr əsasında həyata keçirilir.
Platforma vasitəsilə reallaşdırılan inteqrasiyalar ekoloji dayanıqlığa da töhfə verir. İl ərzində təxminən 10 min ağacın kəsilməsinin qarşısı alınır və kağız üzərində sənəd dövriyyəsinin azaldılması təmin olunur.