“E-Şikayət” informasiya sistemi
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında istifadəçilərin internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə, eləcə də poçt rabitəsi operatorlarına müraciət etmək və müraciətlərinin izlənməsi imkanlarını təmin etmək məqsədilə “E-Şikayət” informasiya sistemi istifadəyə verilib.
Bu sistemdə hər bir operator və provayderin şəxsi kabineti var. İstifadəçilərdən daxil olan müraciətlər birbaşa kabinetlərdə əks olunur. İKTA isə sistem üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.
Hazırda “E-Şikayət” sistemi vasitəsilə ümumilikdə “İnternet (GPON, ADSL, LTE və s.)”, “Telefon rabitəsi”, “Mobil rabitə”, “Mobil internet”, “Universal poçt rabitəsi xidmətləri” və “Sürətli poçt rabitəsi xidmətləri” üzrə müraciətlərin qəbulu həyata keçirilir.
Eyni zamanda “E-Şikayət” sisteminin istifadəsi ilə bağlı təlimat hazırlanıb və sistemin müvafiq bölməsində yerləşdirilib. Həmçinin istifadəçilərdən qeyd edilən istiqamətlər üzrə daxil olan müraciətlərin son statusunu izləmək üçün İKTA tərəfindən onlayn rejimdə mütəmadi yenilənən izləmə sistemi qurulub.
“E-Şikayət” sistemində “Sürət testi” funksiyası da mövcuddur. Bununla istifadəçilər istifadə etdikləri internet xidmətinin faktiki sürətini real vaxtda ölçmək imkanı əldə edirlər. Ölçmə nəticəsi abunə müqaviləsi ilə müəyyən edilmiş sürətdən aşağı olduğu halda bunu müraciətlərinə əlavə edə bilərlər.
2024-cü ilin noyabr ayında “E-Şikayət” sisteminin mobil əlavəsi istifadəyə verilib. “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edə bilərlər.
“E-Şikayət”in mobil əlavəsində istifadəçilərə səsli müraciət etmək imkanı da yaradılıb. Belə ki, müraciət zamanı istifadəçi “Şikayətin mətni” bölməsində yerləşdirilən xüsusi düyməni sıxmaqla öz müraciətini səsli şəkildə bildirə bilər. Müraciətçiyə seçim hüququnun verilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, istifadəçinin fikirlərini daha rahat bildiyi üsulda ifadə etməsinə imkan yaradır.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artırmaq məqsədilə rəqəmsal transformasiyanı daha da genişləndirmək, cavab mexanizmlərini təkmilləşdirmək və süni intellekt alətlərini prosesə tətbiq etmək niyyətindədir və bu prosesdə istifadəçilərdən daxil olan rəylər xüsusi əhəmiyyət kəsb edir.