2. Nazirliyin fəaliyyət istiqamətləri

2. Nazirliyin fəaliyyət istiqamətləri

  • 2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
  • 2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • 2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
  • 2.0.2-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir;
  • 2.0.3. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirir;
  • 2.0.4. müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün prioritetləri müəyyən edir və investisiyaların təşviqi üzrə digər tədbirlər görür; 
  • 2.0.5. müvafiq sahə üzrə beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini və idarə olunmasını aidiyyəti dövlət qurumları ilə birlikdə təmin edir;
  • 2.0.5-1. rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;
  • 2.0.6. qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazə verir, lisenziya və icazə şərtlərinə riayət olunmasına nəzarət edir;
  • 2.0.7. Azərbaycan Respublikası ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün təkliflər verir;
  • 2.0.8. mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət edir;
  • 2.0.8-1. mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak edir;
  • 2.0.9. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil edir;
  • 2.0.10. telekommunikasiyanın, o cümlədən simsiz texnologiyaların, genişzolaqlı internetin, poçtun, peyk xidmətlərinin, kosmik fəaliyyətin və radio-televiziya yayımının inkişafını və radiotezliklərdən səmərəli istifadəni təmin edir;
  • 2.0.11. tranzit informasiya magistrallarının və qovşaqlarının, regional informasiya xidmətlərinin yaradılmasında və genişləndirilməsində iştirak edir;
  • 2.0.12. aidiyyəti dövlət qurumları ilə birlikdə yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətini hazırlayır və həyata keçirir;
  • 2.0.13. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahənin potensialının gücləndirilməsi, rəqabətədavamlı yüksək texnoloji, elmtutumlu, azməsrəfli məhsul və xidmətlər istehsalının və innovativ sahibkarlığın inkişafının təşviqi üzrə tədbirləri həyata keçirir; 
  • 2.0.14. kosmik texnologiyaların, habelə aidiyyəti dövlət qurumları ilə birlikdə nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı və istifadəsinin təşkili üzrə işlər həyata keçirir;
  • 2.0.15. informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, milli elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • 2.0.15-1. aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görür;
  • 2.0.16. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin, o cümlədən həmin şəbəkələrin kosmik seqmentinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir; 
  • 2.0.17. “elektron hökumət”in inkişafı ilə bağlı tədbirlər görür; 
  • 2.0.17-1. “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;
  • 2.0.18. elektron imza infrastrukturunun inkişafını və ondan geniş istifadəni təmin edir;
  • 2.0.19. informasiya cəmiyyətinin inkişafına dair tədbirlər hazırlayır və həyata keçirir;
  • 2.0.20. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət edir və dövlət maraqlarının qorunmasını təmin edir;
  • 2.0.21. müvafiq sahədə normayaratma fəaliyyəti həyata keçirir;
  • 2.0.22. müvafiq sahənin inkişafı üçün tədbirlər görür.