5. Nazirliyin fəaliyyətinin təşkili
- 5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
- 5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
- 5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
- 5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş müavini vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
- 5.5. Nazir:
- 5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- 5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
- 5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;
- 5.5.4. Nazirliyin strukturuna daxil olan qurumların struktur bölmələrinin əsasnamələrini təsdiq edir, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edilməsi üçün təqdim edir;
- 5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
- 5.5.6. Nazirliyin Aparatının işçilərini, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (rəhbərləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən qurumlar istisna olmaqla) rəhbərlərini, rəhbərlərinin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
- 5.5.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
- 5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
- 5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
- 5.5.10. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;
- 5.5.11. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
- 5.5.11-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
- 5.5.12. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;
- 5.5.13. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir.
- 5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
- 5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını
birinci müavininə və yamüavinlərindən birinə tapşıra bilər. - 5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən),
nazirin birinci müavinindən,nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər. - 5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və kollegiyanın tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
- 5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.
- 5.11. Nazirliyin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
- 5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
- 5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;
- 5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
- 5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
- 5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
- 5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.
- 5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
- 5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
- 5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
- 5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, internetin inkişafı şurası və digər ictimai şuralar yaradıla bilər.