3. Nazirliyin vəzifələri
- 3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- 3.0.1. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
- 3.0.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;
- 3.0.3. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, yüksək texnologiyaların tədqiqi, hazırlanması, işlənməsi və təkmilləşdirilməsi üzrə innovativ fəaliyyəti əlaqələndirmək, o cümlədən aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görmək;
- 3.0.3-1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidi üçün tədbirlər görmək;
- 3.0.3-2. rəqəmsal və digər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə istifadəçilərin məlumatlılıq səviyyəsini artırmaq, həmin xidmətlər üzrə problemlər, eləcə də xidmətlərdən istifadə məmnunluğu ilə bağlı istifadəçilərdən alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- 3.0.4. fəaliyyət istiqamətləri üzrə müvafiq sahə ilə bağlı dövlət qurumlarının, fərdi sahibkarların və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
- 3.0.5. müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada dövlətin maraqlarını təmsil etmək;
- 3.0.6. müvafiq sahə üzrə dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək;
- 3.0.7. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq etmək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətini həyata keçirmək, beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq təsdiq etmək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara tövsiyələr vermək;
- 3.0.8. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
- 3.0.9. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada müvafiq sahədə dövlət sifarişçisi funksiyasını həyata keçirmək;
- 3.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, müvafiq sahədə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
- 3.0.11. müvafiq sahədə dövlət əhəmiyyətli obyektlərin tikintisi və satın alınması barədə təkliflər vermək;
- 3.0.12. tabeliyində olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;
- 3.0.13. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat qovşaqlarında nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi və qarışıq daşımaların inkişafı üçün tədbirlər görmək;
- 3.0.14. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;
- 3.0.15. hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;
- 3.0.15-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun uçota alınmasını təşkil etmək;
- 3.0.15-2. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına tabeliyindəki qurum vasitəsilə razılıq vermək;
- 3.0.15-3. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən etmək;
- 3.0.15-4. Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla), dəmiryol nəqliyyatı vasitələrinin, mülki aviasiya hava gəmilərinin və kosmik obyektlərin rəsmi reyestrlərini tabeliyindəki qurumlar vasitəsilə aparmaq;
- 3.0.16. taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydasını, proqramını və müddətini müəyyən etmək;
- 3.0.16-1. tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;
- 3.0.16-2. Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək;
- 3.0.16-3. yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verilməsini təmin etmək;
- 3.0.16-4. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin etmək;
- 3.0.16-5. şəhərdaxili hərəkət (mobillik) planına rəy bildirmək;
- 3.0.17. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) üçün metodiki göstərişləri təsdiq etmək;
- 3.0.18. mülki aviasiya sahəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək, mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə, beynəlxalq standart və tövsiyə olunan təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə mülki aviasiya sahəsində normativ hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat vermək;
- 3.0.18-1. tabeliyindəki qurum vasitəsilə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi və kosmik fəaliyyət sahəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək;
- 3.0.18-2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələrini kosmik operatorlarla birgə koordinasiya etmək;
- 3.0.18-3. Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini təsdiq etmək;
- 3.0.18-4. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və ölkə xaricində peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini tabeliyindəki qurum vasitəsilə təşkil etmək;
- 3.0.18-5. Kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- 3.0.18-6. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək;
- 3.0.19. hava, su, avtomobil və dəmiryol daşımaları bazarını rəqabət əsasında formalaşdırmaq;
- 3.0.20. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirmək;
- 3.0.21. mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
- 3.0.22. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr vermək;
- 3.0.23. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərini göstərənlər üçün tələbləri müəyyən etmək;
- 3.0.24. xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən mülki hava gəmiləri, hava limanları (aerodromları) və mülki aviasiya subyektləri ilə əlaqədar verilmiş sertifikatların, şəhadətnamələrin, vəsiqələrin və digər analoji sənədlərin tanınmasına dair tələbləri müəyyən etmək;
- 3.0.25. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları təsdiq etmək;
- 3.0.26. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və yoxlanmasına dair tələbləri təsdiq etmək;
- 3.0.27. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsini təmin etmək;
- 3.0.28. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına riayət olunmasına nəzarət etmək;
- 3.0.29. gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları təsdiq etmək;
- 3.0.30. dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
- 3.0.31. dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin, gəmilərin, texniki gəmi avadanlıqlarının və digər qurğuların tikintisi, istismarı, təmiri və yenidən təchizatı ilə əlaqədar tələbləri təsdiq etmək;
- 3.0.32. limanlar və yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisinə rəy vermək;
- 3.0.32-1. kosmik obyektlərin tikintisinə icazə verilməsinə dair rəy vermək;
- 3.0.33. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktlar təsdiq etmək;
- 3.0.34. yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkilini və idarə olunmasını həyata keçirmək;
- 3.0.35. informasiya təhlükəsizliyinin təmin edilməsi və məlumatların qorunması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
- 3.0.36. biometrik texnologiyaların yaradılmasına və həmin texnologiyalara xidmət göstərilməsinə, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılmasına və informasiya sistemlərinin yaradılmasına, onlara xidmət göstərilməsinə, sellülar (mobil) telekommunikasiya xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;
- 3.0.36-1. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, habelə onların layihə sənədlərinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə təşkil etmək, fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi, operator və subyektlərin maariflənməsini təşkil etmək;
- 3.0.36-2. fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;”
- 3.0.37. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq;
- 3.0.38. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsində nəzərdə tutulmuş lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarət etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərmək;
- 3.0.39. aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək;
- 3.0.40. aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq;
- 3.0.41. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və ondan istifadə qaydalarını, bu şəbəkənin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi sahəsində siyasəti müəyyənləşdirmək;
- 3.0.42. beynəlxalq və regional təşkilatlarda müvafiq sahədə ölkənin maraqlarının qorunmasını təmin etmək;
- 3.0.43. Beynəlxalq Telekommunikasiya Reqlamentinə, Beynəlxalq Radiorabitə Reqlamentinə, Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq yükün (trafikin) və poçtun mübadiləsi üzrə xarici dövlətlərin telekommunikasiya operatorları və poçt operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına nəzarət etmək;
- 3.0.44. operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək;
- 3.0.45. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək;
- 3.0.46. ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq aidiyyəti qurumların birgə iştirakı ilə tənzimləmək;
- 3.0.47. mobil cihazların qeydiyyatını aparmaq;
- 3.0.47-1. kosmik obyektlərin dövlət qeydiyyatını həyata keçirmək və reyestrini aparmaq;
- 3.0.48. radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarını müəyyənləşdirmək, onların icrasına nəzarəti və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqini həyata keçirmək;
- 3.0.48-1. radiospektr idarəçiliyinin həyata keçirilməsi ilə bağlı bilavasitə və tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;
- 3.0.49. universal telekommunikasiya xidmətlərinin təsnifatını, təşkilini, keyfiyyətini, müddətini və digər tələbləri müəyyən etmək, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görmək;
- 3.0.50. müvafiq sahədə fəaliyyət göstərən hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr vermək;
- 3.0.51. telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasını təşkil etmək;
- 3.0.52. poçt-maliyyə xidmətləri sahəsində fəaliyyətə nəzarətin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
- 3.0.53. dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların çapı, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasını müəyyən etmək və bu sahəyə nəzarəti həyata keçirmək;
- 3.0.54. Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini və nəzarət-keçid müddətlərinə dair normativləri müəyyən etmək və poçt rabitəsi xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
- 3.0.55. universal poçt rabitəsi xidmətləri göstərilməsinin ümumi qaydalarını təsdiq etmək və keyfiyyət normativlərini müəyyən etmək;
- 3.0.56. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işini təmin etmək, bu məqsədlə material ehtiyatlarının yığılması planlarını hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
- 3.0.57. ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.57-1. genişzolaqlı internetə çıxış imkanının və xidmətlərin keyfiyyətinin artırılması məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək;
- 3.0.58. poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə zəruri tədbirlər görmək;
- 3.0.59. Azərbaycan Respublikasının ərazisində yerüstü və peyk rəqəmsal televiziya yayımını aidiyyəti qurumlarla birlikdə inkişaf etdirmək, rəqəmsal radio yayımını təşkil etmək və ən yeni yayım texnologiyalarını təşviq etmək;
- 3.0.60. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, həmin sahədə yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq dəstəyin təmin edilməsi üzrə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.61. ölkənin qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə zəruri tədbirlər görmək;
- 3.0.62. regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsini və informasiya xidmətlərinin təşkilini həyata keçirmək;
- 3.0.63. aidiyyəti qurumlarla birlikdə müvafiq sahə üzrə elmi tədqiqatların genişləndirilməsi, səmərəliliyinin artırılması və nəticələrinin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.64. aidiyyəti dövlət qurumları ilə birlikdə nüvə texnologiyaları üzrə elmi-texniki tədqiqatların genişləndirilməsi, səmərəliliyinin artırılması və nəticələrinin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.65. aidiyyəti dövlət qurumları ilə birlikdə istehsal sahələrində rəqəmsal inkişafın təmini, o cümlədən yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsul və xidmətlərin yaradılması və istehsalı ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi üçün tədbirlər görmək;
- 3.0.66. innovasiya fəaliyyətinin təşviqini, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsini və onların transferinin təşkilini, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsini, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsini, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən, vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirilməsini, innovasiya təşəbbüskarlığının təbliğini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- 3.0.67. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını həyata keçirmək, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodik yardım göstərmək, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görmək;
- 3.0.67-1. dövlət qurumlarına məxsus olan, eləcə də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi istisna olmaqla, ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
- 3.0.67-2. ölkədə preventiv tədbirlərin həyata keçirilməsini təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;
- 3.0.67-3. aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş elektron təhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olması) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək;
- 3.0.68. aidiyyəti dövlət qurumları ilə birlikdə ölkənin efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- 3.0.69. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, eləcə də dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin həmin Qanunun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət qurumları ilə birlikdə yoxlamaq;
- 3.0.70. elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditini həyata keçirmək;
- 3.0.71. telekommunikasiya və yüksək texnologiyalar sahəsində obyektlərin mühafizəsini təşkil etmək və fövqəladə vəziyyətlərin aradan qaldırılmasında iştirak etmək;
- 3.0.72. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin, o cümlədən həmin şəbəkələrin kosmik seqmentinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.0.73. “elektron hökumət” portalının yaradılmasını, idarə olunmasını və fəaliyyətini təmin etmək;- 3.0.74. “elektron hökumət”in inkişafı üzrə
aidiyyəti dövlət orqanları ilə birlikdəzəruri tədbirlər görmək; - 3.0.75. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə “elektron hökumət” portalı vasitəsilə təşkil etmək;
- 3.0.75-1. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydalara uyğun olaraq əlaqələndirici qurum funksiyalarını həyata keçirmək;
- 3.0.75-2. dövlət–vətəndaş (G2C – government to citizen), dövlət-biznes (G2B – government to business), dövlət–dövlət (G2G – government to government), biznes–dövlət (B2G – business to government), biznes–istehlakçı (B2C – business to consumer) və biznes–biznes (B2B – business to business) xidmətlərinin rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv təşkili, habelə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
- 3.0.75-3. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;
- 3.0.75-4. dəmiryol nəqliyyatı ilə daşıma proseslərinin fasiləsizliyinin, təhlükəsizliyinin və keyfiyyətliliyinin təmin edilməsinə dair təkliflər vermək;
- 3.0.75-5. dalan dəmir yollarında xidmət qaydalarını müəyyənləşdirmək, həmin qaydalara və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsinə, həmçinin dalan dəmir yoluna malik qurumlarda dəmiryol texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılmasına və sınaqdan keçirilməsinə nəzarət etmək;
- 3.0.75-6. lokomotivlərin, yük, sərnişin və baqaj vaqonlarının, motor-vaqonlu hərəkət vasitələrinin, habelə daşımaların yerinə yetirilməsini və dəmiryol nəqliyyatının fəaliyyətini təmin edən digər hərəkət tərkiblərinin və konteynerlərin istehsalına, istismarına və saxlanılmasına dair tələbləri müəyyən etmək;
- 3.0.75-7. dəmiryol nəqliyyatı infrastrukturunun ayrı-ayrı obyektlərinin, vahid istehsalat infrastrukturu şəbəkəsinin və qatarların istismarına, yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinə, eləcə də ümumi istifadədə olan dəmir yollarında yük işinin, daşımaların və qatarların hərəkətinin təşkilinə nəzarət etmək;
- 3.0.75-8. dəmiryol nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlər göstərilməsi ilə bağlı tələbləri təsdiq etmək, həmçinin ümumi istifadədə olan dəmiryol infrastrukturundan istifadə olunmaqla sərnişin və yük daşımalarının həyata keçirilməsinə nəzarət etmək;
- 3.0.76. elektron imza infrastrukturunun inkişafını təmin etmək, onun idarə olunmasını və bu sahədə fəaliyyətə nəzarəti həyata keçirmək, sertifikat xidmətləri mərkəzlərinin reyestrinin aparılmasını təmin etmək;
- 3.0.77. “elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi üçün tədbirlər görmək, o cümlədən informasiya sistemlərini və ehtiyatlarını yaratmaq
, onların inteqrasiyasına dair texniki tələb və standartların müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək; - 3.0.78. dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin təşkilini və aparılmasını təmin etmək;
- 3.0.78-1. “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;
- 3.0.79. “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində
aidiyyəti dövlət qurumları ilə birlikdətədbirlər görmək; - 3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;
- 3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;
- 3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;
- 3.0.80. dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyənləşdirmək;
- 3.0.80-1. dövlət qurumlarının göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirmək:
- 1. dövlət qurumlarının malik olduqları informasiya sistemləri və ehtiyatları ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görmək;
- 2. elektron xidmətlərin göstərilməsi üzrə texniki tələbləri müəyyənləşdirmək;
- 3. dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq, eləcə də yerində baxış və rəy sorğuları keçirmək və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;
- 4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;
- 5. dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət qurumlarına məlumat göndərmək;
- 3.0.80-2. informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə bağlı dövlət qurumları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;
- 3.0.81. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair təkliflər vermək;
- 3.0.82. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq;
- 3.0.83. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək;
- 3.0.83-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək;
- 3.0.84. qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq;
- 3.0.85. “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”ndakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını müəyyən etmək;
- 3.0.86. “elektron hökumət”in inkişafı, elektron xidmətlərin təkmilləşdirilməsi məqsədləri üçün informasiya sistemləri, ehtiyatları və reyestrlərin əlaqələndirilməsi və inteqrasiyası ilə bağlı təkliflər vermək;
- 3.0.87. rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi) dair ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- 3.0.88. müvafiq sahədə elektron idarəetmə sistemlərini və informasiya sistemlərini yaratmaq;
- 3.0.89. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;
- 3.0.90. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını təmin etmək;
- 3.0.91. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında informasiya texnologiyalarından istifadədə rəqəmli fərqliliyin aradan qaldırılması və rəqəmsal inkişaf üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.92. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və s.) inkişafı ilə bağlı aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.93. milli internet resurslarının inkişaf etdirilməsi üzrə aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
- 3.0.94. müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
- 3.0.95. müvafiq sahə üzrə təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
- 3.0.96. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə investisiya mühitinin yaxşılaşdırılması, investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;
- 3.0.96-1. kosmik fəaliyyət sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək;
- 3.0.97. müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
- 3.0.98. müvafiq sahədə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;
- 3.0.99. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün tədbirlər görmək;
- 3.0.100. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
- 3.0.101. müvafiq sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;
- 3.0.102. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
- 3.0.103. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- 3.0.104. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
- 3.0.105. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətini və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək və tədbirlər görmək, sosial-iqtisadi inkişaf proqnozlarını, o cümlədən gəlirlər və xərclər smetasını hazırlamaq və onların icrasına nəzarət etmək;
- 3.0.106. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- 3.0.107. öz fəaliyyətində ictimaiyyətin iştirakını, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təmin etmək;
- 3.0.108. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
- 3.0.109. müvafiq sahə üzrə işçilərin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək;
- 3.0.110. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
- 3.0.111. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;
- 3.0.112. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.