4. Nazirliyin hüquqları
- 4.0. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
- 4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
- 4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
- 4.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- 4.0.4. müvafiq sahə üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, metodik və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, çatışmazlıqların həlli yollarını prioritetləşdirmək;
- 4.0.5. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
- 4.0.6. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;
- 4.0.7. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- 4.0.8. beynəlxalq və yerli daşımaların səmərəliliyini təmin etmək məqsədilə avtovağzalların (avtostansiyaların), dəmir yolu, hava və dəniz limanlarının yaradılması, genişləndirilməsi, bağlanması və digər formada təkmilləşdirilməsi barədə təkliflərini qanunla müəyyən olunmuş qaydada təqdim etmək;
- 4.0.8-1. dəmiryol nəqliyyatı infrastrukturunun, o cümlədən dəmiryol xətlərinin və inzibati binalarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, saxlanılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, yol təsərrüfatının cari saxlanılması üçün tədbirlər görmək;
- 4.0.9. nəqliyyat sahəsində səmərəli idarəetməni təmin etmək məqsədilə müvafiq informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, dövlət və özəl təşkilatların fəaliyyət sahələrinə uyğun informasiya sistemlərinin yaradılmasını, fəaliyyətinin tənzimlənməsini, qiymətləndirilməsini və inteqrasiyasını həyata keçirmək;
- 4.0.10. mülki aviasiyada geyim formalarının nümunələrinin, fərqlənmə nişanlarının və geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;
- 4.0.11. nəqliyyat növləri arasında, habelə nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- 4.0.12. nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət qurumlarından onların fəaliyyəti barədə müəyyən olunmuş qaydada məlumatlar tələb etmək və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
- 4.0.13. dövlət büdcəsindən maliyyələşdirilən elmi tədqiqat, təcrübə-konstruktor, layihə və mühəndis-axtarış işlərinin istiqamətlərini müəyyən etmək;
- 4.0.14. beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə üzrə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görmək;
- 4.0.15.
yüksək texnologiyalar üzrəinnovativ təşəbbüslərə (“start up”lara) dəstək vermək, müsabiqələr, təbliğat tədbirləri, seminar və təlimlər keçirmək; - 4.0.16. fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
- 4.0.17. müvafiq sahədə, habelə tabeliyində olan nəqliyyat qurumlarında çalışan işçiləri dövlət mükafatlarına və digər təltiflərə təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
dövri mətbu nəşr təsis etmək,xüsusi bülletenlər, məcmuələr və digər nəşrlər buraxmaq; - 4.0.17-1. dövlət qurumlarının malik olduqları informasiya sistemlərinə və ehtiyatlarına çıxış əldə etmək, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;
- 4.0.17-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;
- 4.0.17-3. dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;
- 4.0.17-4. dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət qurumlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;
- 4.0.17-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət qurumlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;
- 4.0.18. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.