Heydər Əliyev və Azərbaycan rabitəsi
Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur.
1970 - 1980
- Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir.
- Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.
- 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.
- 1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.
- Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulmuşdu, bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilmişdir ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan vermişdir.
- 1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olmuşdur.
- Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olmuşdur.
- Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.
- 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilmişdir.