Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması
2017
Fevralın 13-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və R.N.Quluzadənin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.
Fevralın 15-də “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 638 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
Fevralın 15-də Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 153 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Martın 2-də İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verilmişdir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir.
Martın 16-da “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
Martın 17-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Martın 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilmişdir. Bu gün paytaxtımızın əsas parklarında əhali pulsuz internet xidmətindən uğurla istifadə edir.
Aprelin 5-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
Aprelin 5-də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 246 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, eləcə də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
17-18 apreldə Azərbaycanda ilk dəfə beynəlxalq “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçirilmişdir. Bakıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun birgə təşkilatçılığı ilə keçirilən turun Azərbaycandan olan qalibləri “Spinal” komandasının “Lia” layihəsi, Orxan Əhmədovun “Kvotter” layihəsi, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihəsi olmuşdur. Turun Rusiyada keçirilən yekun müsabiqəsində “Lia” layihəsi ilk beşliyə daxil olmuşdur.
31 may tarixində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
İyunun 5-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 608-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
İyunun 16-da “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
22 iyunda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 672-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
11 iyulda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 700-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.
Avqustun 7-də “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
Oktyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılmışdır.
30 oktyabr tarixində ölkəmiz və region üçün mühüm əlamətdar hadisə olaraq Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkə rəhbərlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilmişdir. İlk qatar Bakıdan Qarsa yola salınmışdır. Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi ilə hər iki istiqamətdə multimodal daşımaların həcminin artırılmasında mühüm rol oynayacaqdır.
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması çərçivəsində ətraf rayon, şəhər və qəsəbələrdən Bakı şəhəri istiqamətində sərnişindaşıma xidmətinin qanunvericiliyin tələblərinə uyğunluğunun, səmərəliliyinin və keyfiyyətinin təmin edilməsi, eləcə də regionlardan və mərkəz istiqamətindən gələn avtobusların bu mərkəzdə cəmlənməsi üçün Nəqliyyat Qovşağı (HUB) yaradılmışdır.
Marşrut xətlərində fəaliyyət göstərən köhnə, istismar müddətini keçmiş avtobusların yenilənməsi üçün tədbirlər davam etdirilmişdir. Belə ki, ölkənin şəhərlərində şəhərdaxili sərnişin daşınmasını təmin edən marşrutların optimallaşdırılması aparılır, bir-birini təkrarlayan və səmərəsiz avtobus marşrutları ləğv edilir, əhalinin tələbatına uyğun olan digər yeni marşrutların açılması təmin olunur.
6 noyabr tarixində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun tətbiqi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır.
2018
Yanvarın 9-da ölkə rəhbərliyinin iştirakı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ro-Ro terminalının açılışı olmuş və limanın birinci fazası üzrə tikinti işlərinin 2018-ci ilin ortalarına tamamlanması nəzərdə tutulur.
Yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalamışdır. Həmin Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu və əsasnaməsi təsdiqlənmişdir.
Martın 1-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədi ilə 6-cı qrant müsabiqəsi elan edilib. Müşahidə Şurasının qərarı ilə 5 layihə müsabiqənin qalibi olub. Qeyd edək ki, ümumilikdə keçirilmiş 6 müsabiqə üzrə 117 layihəyə qrant ayrılıb.
Mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi keçirilib.
İyulun 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.
İyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun yeni məbləği formalaşdırılıb. Qeyd edək ki, yeni tariflər rəsmi qaydada ölkəyə idxal edilən topdansatışı reallaşdırılan cihazlara şamil olunmur.
Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə verilib.
03-07 sentyabr tarixlərində Bakıda ilk dəfə olaraq MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb.
24-25 sentyabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda ilk Elektron Ticarət Forumu keçirilib.
Oktyabrın 4-dən yerli startap və innovativ layihə müəlliflərinə səfər qrantlarının verilməsinə başlanılıb. Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap və innovativ layihələrin müəlliflərinə xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərində iştirak etmək, həmçinin xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin edilməsi məqsədilə verilir.
26-30 oktyabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə “İnnovasiyalar həftəsi” təşkil edib.
Layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlar təşkil olunub, dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” Bakıya gətirilib.
“İnnovasiyalar həftəsi”nin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan ilk əsas tədbirində “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi” təqdim olunub.
Nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” arasında ölkəmizdə ilk dəfə olaraq “Əşyalar interneti” laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
“İnnovasiyalar həftəsi” çərçivəsində “İdeyadan biznesə” startap turlarının respublika üzrə qalibləri də seçilib. Qeyd edək ki, “İdeyadan biznesə” zamanı 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb. Sonda 3 layihə turun respublika üzrə qalibi olub.
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb.
Noyabrın 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Bakı şəhərində yerləşən 23 nömrəli tam orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb. Laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb. Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədilir.
04-07 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı – “Bakutel-2018” də uğurları ilə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı sərginin nüfuzunu artırıb. Builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edib, 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim ediblər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunub. Sərgidə İKT sahəsində bir çox yerli layihələrlə yanaşı, Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq layihələr də öz əksini tapıb.
“Bakutel-2018” sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya Poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Nazirliyin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu bağlanıb.
Məlumat Hesablama Mərkəzi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyinin Tətbiqi Proqram Sistemləri İnstitutu (TPSİ) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
2018-ci ildə Bakı şəhərində bir xətt üzərindən üç xidmət – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON layihəsi davam etdirilib və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihəsinin həyata keçirilməsinə başlanılıb.
Regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakıda “İctimai Wi-Fi” qurulan parkların sayı 20-yə çatdırılıb.
Ölkədə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.
Azərbaycanın Data Mərkəzindəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb.
“Açıq məlumatlar” portalında olan açıq məlumatların sayı 655-ə çatdırılıb. Portal yeni domen ünvanında – “http://www.opendata.az” fəaliyyətə başlayıb.
Ölkəmizdə də dünyada ilk dəfə olaraq həyata keçirilən domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib.
Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib.
Türkiyə Respublikası ilə elektron imzaların qarşılıqlı tanınması sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin Yüksək Texnologiyalar Parkında yaradılmış Biznes İnkubasiya Mərkəzinə 25 startap qəbul edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib.
“Yüksək Texnologiyalar Parkı”nın “Mars Academy” şirkəti ilə əməkdaşlığı çərçivəsində məktəblilər üçün “Robotiks” kursları təşkil edilib.
Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətini uğurla davam etdirib. Qeyd edək ki, layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.
Azərbaycan Ümumdünya Poçt İttifaqı tərəfindən sürətli poçt rabitəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görülüb.
Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə Bakıda və regionlarda yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin sayı 9-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək.
Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib.
Nazirliyin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində qurulan mövcud texnologiyalar əsasında yeni innovativ materiallar – GSM modullu spirt siqnalizatoru (prototip), nanokarbon/keramika kompozitləri əsasında elektrik qızdırıcı elementlər, yüksək istilik keçirici və istilik yayma qabiliyyətinə malik nanokarbon/keramik radiatorlar hazırlanıb.
Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırılıb.
ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib.
İKT sektorunda görülən işlərin fonunda ölkəmizin artan nüfuzunun göstəricisidir ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) həm Şurasında və həm də Komitəsində təmsil olunan azsaylı ölkələrdəndir. İttifaqın 4 ildən bir keçirilən Səlahiyyətli Konfransında Azərbaycan 119 səslə BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Ölkəmiz ardıcıl olaraq 2-ci dəfədir ki, Şuraya üzv seçilir. Bundan başqa, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi ilk dəfə seçkilərdə qalib gəlib. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün böyük uğurdur.
2018-ci il üzrə beynəlxalq reytinqlərdəki göstəricilərdə sahə üzrə irəliləyişlər xüsusi diqqət çəkir. Belə ki, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdə olub.
Ölkəmiz sözügedən hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə 58-ci, “İnfrastruktur” göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdə qərarlaşıb.
Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. “İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə lider olub.
Bununla yanaşı, Azərbaycan hesabatın “İnnovativ Ekosistem” bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə, “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdə qərarlaşıb.
2019
2018-ci ildən etibarən icrasına başlanmış “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində 2019-cu ildə ölkəmizin 12 regionunu əhatə edən genişmiqyaslı startap turları təşkil edilib.
Fevralın 22-də “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.
11– 15 mart tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilib. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı və s. bu kimi mövzularda tədbirlər təşkil edilib.
Martın 30-da Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı baş tutub.
Mayın 1-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində “Əşyaların interneti” laboratoriyası fəaliyyətə başlayıb.
29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq “İnnovasiya Festivalı” (“İnnoFest”) keçirilib. “İnnoFest” çərçivəsində təşkil edilmiş Beynəlxalq “Lightest” Forumu, “ICT innovation and startup ecosystems” seminarı, “EU4 Digital proqramı”nın təqdimatı, “Monex Summit”, Gənclər İnternet İdarəçilik Forumu, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu və III Robot Olimpiadasına ümumilikdə 1500 nəfərdən artıq iştirakçı qatılıb, onlardan 158 nəfərini xarici qonaq təşkil edib. “İnnoFest Village”i isə 1800-dən artıq yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib.
İyunun 3-də “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.
11 – 13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgiləri təşkil olunub.
Avqustun 26-dan etibarən Azərbaycanda ilk dəfə olaraq Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir paketdə 12 radio proqramının rəqəmli test yayımına başlanıb.
28 – 30 avqust tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilib.
29 – 31 avqust tarixlərində “İ2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunub.
Oktyabrın 1-dən avtobus marşrutlarının gecə reysləri bərpa olunub.
16 oktyabrda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO) PERS – EcoPorts” sertifikatına layiq görülüb.
18 – 24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə “InnoWeek – İnnovasiya həftəsi” keçirilib. Həftə çərçivəsində “I2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı “Roboday” sərgisi, II “Bakı Elektron Ticarət Forumu” (BEF – 2019), “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa”, “Eurasia İnnovation Day”, “Kaspersky Security Day” tədbirləri, “İnnovation Awards Gala” mükafatlandırma mərasimi təşkil edilib.
Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.
3 – 6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilib. “Bakutel 2019” Sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edib. Sərgiyə 25 minə yaxın ziyarətçi qatılıb, onlardan 6 min nəfəri uşaq olub.
2019-cu ildə Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib.
“Azərpoçt” MMC tərəfindən Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş 1, 22, 33 və 46 saylı poçt şöbələri istifadəyə verilib.
Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurasının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib.
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı – 2019”da Azərbaycan “innovasiya yönümlü kompaniyaların artımı” göstəricisinə görə 141 ölkə arasında 21-ci yeri tutub.
2020
2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilib. Həftə çərçivəsində “Kibertəhlükəsizlik konfransı”, “Təhlükəsiz Hökumət Buludu”, “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirləri, Kibertəhlükəsizlik üzrə “Pentestinq” və beynəlxalq sertifikatlaşdırma seminarları baş tutub.
Martın 13-də nazirliyin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub.
10-12 aprel tarixlərində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün “Global Virtual Hackathon” müsabiqəsi keçirilib. I yerə Polşadan olan “Crisis Heroes” (Böhran qəhrəmanları), II yerə Azərbaycan komandası “Javid-19”, III yerə Braziliyanın “Zebrafish” komandası layiq görülüb.
Apreldə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulub.
May ayında nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu sayəsində “servis olaraq videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb.
11-15 may tarixlərində “World Net Summit” onlayn konfransı keçirilib. Tədbir “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Creathink”, “Corporate Innovation Forum”, “Influencer Summit” üzrə 9 fazadan ibarət olub.
Mayda nazirliyin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC-nin “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib.
İyunda Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib.
İyun ayında “Bakı Telefon Rabitəsi” MMC 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi, eyni zamanda sosial qayğıya ehtiyacı olan ailəyə pulsuz “simsiz rabitə” xidməti ilə dəstək olub.
İyulda “Aztelekom” MMC tərəfindən Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilib. İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni elektron ATS-lər sakinlərin istifadəsinə verilib.
İyulun 29-da İsmayıllı rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ağıllı” avtobus dayanacaqları ilə tanış olub. Nazirliyin İnnovasiyalar Agentliyinin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “RD SMART” MMC tərəfindən hazırlanan “ağıllı” şəhər (smart city) komponentləri – avtobus dayanacağı, “ağıllı” oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri İsmayıllı rayon mərkəzində yerləşdirilib.
Avqustun 12-də nazirliyin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən “LEVC TX” modelli yeni 100 ədəd “London taksi”si vətəndaşların istifadəsinə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.
Avqustda “Bakı Telefon Rabitəsi” MMC “Evədək optika” layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib. Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb.
Avqust ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib.
Avqustda paytaxtın Suraxanı rayonu, Hövsan yolu Qum adasında yerləşən yeni yaşayış massivində optik şəbəkənin inşası yekunlaşıb. İnternet avadanlıqları ilə pulsuz təchiz edilən 100-dək ailənin yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanıb.
Sentyabrda Qazax rayonu ərazisində telekommunikasiya şəbəkəsinin genişləndirilməsi, mövcud tutumun artırılması istiqamətində planlı işlər aparılıb.
Sentyabr ayında Azərbaycanda ilk dəfə nazirliyin tabeliyində İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.
Sentyabrda nazirliyin Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanıb. Belə ki, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.
Oktyabrda işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb.
Noyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti əsasında Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil olunub.
Noyabrda Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 3 şirkət nazirliyin İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb. “İTİCKET” MMC-nin “iTicket” layihəsinə, “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsinə və “LOF STUDIOS” MMC-nin bir neçə layihəsinə qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Noyabr ayında nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.
Noyabrda nazirliyin İnnovasiyalar Agentliyi inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (InBIA) üzv seçilib.
2 dekabrda “Bakı Telefon Rabitəsi” MMC “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb. “Evədək optika” layihəsi çərçivəsində “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.
11 dekabrda nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən 10 dekabr 2020-ci ildə Bakıda keçirilən qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri hazırlanaraq dövriyyəyə buraxılıb.
14-19 dekabr tarixlərində Azərbaycanda III “InnoWeek – İnnovasiya həftəsi” keçirilib. Həftə çərçivəsində “Advanced Data Science & Deep Learning”, “Cyber Security Envisioning Workshop” vebinarları, “I2B – İdeyadan Biznesə” layihəsinə dair tədbir, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (MAINTECH 2020), “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası, “World Net Summit” beynəlxalq onlayn konfransı, “GameTech – Gələcəyin əyləncəsi: oyun”, “MHM-də ağıllı layihələr”, “FemTech – Qadınlar Texnologiyada”, “CyberTECH 2020 – Kibertəhlükəsizlik sənayesinin formalaşdırılması və inkişafı” “The full lifecycle of Machine Learning projects”, “DevopsDays Baku” tədbirləri, “Baku Cyber Cup 2020” onlayn kiber idman turniri, “Azərbaycan İnnovasiya Mükafatı”nın təqdimat mərasimi və jurnalistlər üçün müsabiqə təşkil olunub.
Dekabrda İnnovasiyalar Agentliyi və ABŞ-ın ən aparıcı vençur və akselerator şirkəti olan “500 Startups” arasında “Sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq” üzrə memorandum və birgə fəaliyyətlə bağlı müqavilə imzalanıb.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabrdan başlayaraq 44 gün müddətində yaşayış məntəqələrimizi iriçaplı silahlardan, ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının, Bərdə şəhərinin və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına dəymiş ziyan “Aztelekom” MMC tərəfindən aradan qaldırılıb.