Tarix

1818 - 1900

Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur.

Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.

1818

  • Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.

1860

  • Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilmişdir.

1864

  • Yanvar ayının 21-də İran sərhədində Naxçıvan və Culfanı birləşdirən ilk teleqraf xətti istismara verilmişdir.

1880

  • Dekabr ayında Azərbaycanda ilk telefon xətti “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilmişdir. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirmişdir.

1881

  • Yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət etmişdir və fevralın 18-də icazə verilmişdir. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilmişdir.
  • Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir.

1886

  • May ayının 26-da Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List arasında müqavilə bağlanmışdır.
  • Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olmuşdur.

1900

  • Bakı-Dərbənd arasında poçtun dəmir yolu ilə daşınmasına başlanmışdır.
  • Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 1146 telefon istifadəçisi olmuşdur.
  • 29 dekabrda "Nobel qardaşları" cəmiyyəti Bakı Poçt Teleqraf dairəsi rəisinin müraciətinə əsasən telefon aparatlarının sayı, ünvanı, ATS-dən olan məsafələr haqda məlumatlar təqdim etmişdir.