Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 yanvar tarixli Sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Yanvar ayında işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə Şuşa Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
Fevralda Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.
30 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Rəşad Nəbiyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə şuralarının sədri təyin olunub.
19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.
27 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Apreldə Hövsan və Binə qəsəbələrində optik telekommunikasiya xidmətlərinin təqdim edilməsinə başlanılıb. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir optik xətt üzərindən təqdim etməyə imkan yaradır.
31 may tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə icrasına başlanılan infrastruktur layihələri ilə yerində tanışlıq məqsədilə Füzuli və Xocavənd rayonlarına birgə səfər ediblər.
İyulda paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərinin optik telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb.
İyul ayında “Aztelekom” və “Baktelecom” internet xidməti üzrə tariflər endirilib. Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.
İyulda şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılmış “Məşğulluq marafonu”na nazirlik də qoşulub.
İyul ayında nazirliyin tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib.
İyulda Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020 (Global Cybersecurity Index, GCI)” hesabatı dərc edilib. Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb. Ölkəmiz ümumilikdə 89.31 xal toplayıb.
Avqust ayında nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim olunub.
Sentyabrda nazirlik informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə vermək məqsədilə təqaüd proqramı elan edib. Oktyabr ayından kurslara başlayan iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödənilir.
Sentyabrda Azərbaycan Türkiyədə təşkil olunan “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında 11 startapla təmsil olunub. Milli Pavilyonumuzda təqdim olunan startaplarımız kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.
Sentyabr ayında “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında Bakı şəhərinin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinə dair müqavilə imzalanıb.
Oktyabrda regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına start verilib. Təlimin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən İT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərinin sayını artırmaqdır.
11 oktyabr tarixində cənab Prezidentin müvafiq Fərmanı əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. İKT və innovasiyalar sahəsində tənzimləyici qurumlar – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb. Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
2021-ci ilin 11 oktyabr tarixində cənab Prezidentin müvafiq fərmanları əsasında nəqliyyat sahəsində fəaliyyət göstərəcək tənzimləyici qurumlar – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Dövlət Dəniz və Liman Agentliyi yaradılıb, bir sıra qurum və təşkilatlar ləğv olunaraq yeni agentlikdə birləşdirilib. Bu proses nəqliyyat sahəsində tənzimləmənin və nəzarətin mərkəzləşdirilmiş qaydada effektiv həyata keçirilməsinə imkan yaradır.
Oktyabrda Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.
Oktyabrda Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı bərpa edilib. Bundan əlavə, 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb. Həmçinin Qubadlıda radio və televiziya yayımı təmin edilib.
Oktyabrda orta məktəblərdə şagirdlər üçün “Uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi” mövzusunda maarifləndirici təlimlər keçirilib. Təlimlərin məqsədi uşaqların kibertəhlükələrdən və zərərli informasiyalardan qorunması, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 30 oktyabr 2018-ci il tarixli “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun təbliği və müvafiq mövzu üzrə məlumatlandırma olub.
7 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
7 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Noyabrda Şuşa şəhərində mövcud müəssisə və yaşayış binaları optik telekommunikasiya xidmətləri ilə təmin edilib.
1 dekabr tarixindən dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib. Bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqları imtahan vasitəsilə yoxlanılırdı.
Dekabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb. Müştərək layihə innovativ məhsulları inkişaf etdirmək, Azərbaycanın İKT seqmentinə uzunmüddətli töhfə vermək məqsədilə həyata keçiriləcək.
6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə rabitə sahəsində uzun müddət və səmərəli fəaliyyət göstərmiş əməkdaşlar, veteranlar Fəxri fərmanlar, təşəkkürnamələrlə təltif edilib, rabitə sahəsində xüsusi rolu olan qadınlar mükafatlandırılıb, qocaman rabitəçilər evlərində ziyarət olunub.
140 illik yubiley münasibətilə jurnalistlər arasında müsabiqə keçirilib, könüllü qanvermə aksiyası təşkil olunub, müvafiq təlimlər keçirilib, poçt markası dövriyyəyə buraxılıb, sənədli film çəkilib.
140 illik yubiley münasibətilə nazirliyin inzibati binasında “Rabitə” muzeyi təşkil olunub. Muzeyi ilk olaraq rabitəçi şəhid və qazilərin, eləcə də Aprel və Tovuz döyüşləri şəhidlərinin övladları ziyarət ediblər.
6 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
6 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib. İki qurumun birləşdirilməsi ilə yenidən təşkil edilən “AzInTelecom” MMC-də qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.
İşğaldan azad olunmuş torpaqlarda nəqliyyat infrastrukturunun bərpasında yaxından iştirak edilib, aparılan layihələrin effektivliyi və səmərəliliyini artırmaq, üzərində nəzarəti həyata keçirmək məqsədilə müvafiq fəaliyyət göstərilib.
Nazirliyin qurumlarında çalışmış şəhidlərin anım günləri qeyd olunub. Həmin günlərdə ailə üzvləri ilə birlikdə şəhidlərin məzarları ziyarət edilib, müvafiq qurumlarda tədbirlər keçirilib.
Nazirliyin inzibati binasında və müvafiq qurumlarda şəhid rabitəçilərin xatirə lövhələri qoyulub.
2022
Yanvarda universal poçt rabitəsi xidmətləri üzrə Tarif (qiymət) Şurası müvafiq qərarlar qəbul edib. “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üzrə tariflər yenilənib.
Yanvarda Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib. Onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı hazırkı vəziyyət, mövcud problemlər və həlli vacib məsələlər müzakirə edilib.
Yanvar ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.
Yanvarın 24-də Şuşa və Ağdam istiqamətlərində şəhərlərarası ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Yanvarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminar keçirib.
Yanvar ayında Astaraçay üzərində avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Yanvarda Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib.
Fevralda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində yaradılmış Alt komissiyanın ilk iclası keçirilib.
Fevral ayında “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imzanın təqdimatı keçirilib.
Fevralda Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Protokolun imzalanmasında əsas məqsəd ümumi təhsil müəssisələri üçün rəqəmsallaşma, innovasiyalar və təhsilin inkişafına töhfə verəcək məsələlərə dair əməkdaşlığın həyata keçirilməsidir.
Fevral ayında Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kran operatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilib.
Fevralda “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.
Fevralda Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası və iclas çərçivəsində Azərbaycan – Misir Biznes Forumu keçirilib.
Martda Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.
Mart ayında Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının növbəti iclasında təmsil olunub. Tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi aparılıb.
Apreldə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib. Nazir səfər çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında olub.
Aprel ayında avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “Daşıyıcı bələdçisi” xidməti təşkil edilib.
Apreldə “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib.
Apreldə nazir Rəşad Nəbiyev “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir.
Mayda “100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb. Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır.
May ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal – “portal.rinn.az” istifadəyə verilib.
Mayda Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası və Azərbaycan – Avstriya biznes-forumu keçirilib.
May ayında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilib. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən festivalda iştirak ediblər. “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti, “Rocket League” üzrə Avropa çempionatı, “Robotexnika”, “Model Peyk Cansat”, “Planer”, “PUA”, “Sosial yönümlü texnologiyalar”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar” və “Baku Skills” müsabiqələri keçirilib. Festivalı 4 gün ərzində 300 minə yaxın şəxs ziyarət edib.
İyunda Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib.
İyun ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilib.
İyunda Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə ilk reys həyata keçirilib.
İyunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu” imzalanıb.
İyunda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalanıb.
İyunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.
İyulda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib. Görüşdə Orta Dəhliz vasitəsilə yükdaşımalara artan tələbin optimal şəkildə qarşılanması və dəhlizə əlavə yük axınının cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İyulda “Azərpoçt”un yenilənən Abşeron filialının açılışı olub.
İyul ayında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirilib.
İyulda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında “Azərbaycanda innovasiya siyasətinin qurulması”na dair Qrant Müqaviləsi imzalanıb.
İyulda “Aztelekom” MMC tərəfindən İsmayıllı rayonunun İvanovka kəndi və Lahıc qəsəbəsində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.
Avqustda Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub.
Avqustda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) keçirilib.
Avqustda Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunub. “TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edib və layihələrini ziyarətçilərə təqdim edib.
Sentyabrda Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.
Sentyabrın 9-da işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib.
Sentyabrda Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunub.
Sentyabrda Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb. Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.
Sentyabrda Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub.
Sentyabr ayında Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub.
Sentyabrda Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib.
Sentyabrda Azərkosmosun dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub.
Oktyabrda Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Radio Tənzimləmə Komitəsinə üzv seçilib.
Oktyabrın 7-də yol təhlükəsizliyi sahəsində standartların, idarəetmənin, qurumlar arasında koordinasiyanın yaxşılaşdırılması, müvafiq qurumların işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının Avropa Qonşuluq Aləti çərçivəsində “Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsinə dəstək” tvinninq layihəsinə start verilib.
Oktyabr ayında “Kommunal xidmətlərə (internetə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Oktyabrda Azərkosmos ilə Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında anlaşma memorandumu imzalanıb. Memorandum kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur.
Oktyabrda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon danışıq tarifləri yenilənib.
Oktyabrda nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib. Görüşün keçirilməsində məqsəd nəqliyyat sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması və təkliflərin dinlənilməsi olub.
Oktyabrda nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları və şəhidlərin ailə üzvləri Şuşaya səfər ediblər.
31 oktyabrda Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı – SPECA ölkələri üçün “Birləşmiş Millətlər Təşkilatının standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Noyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində hibrid qaydada BMT-nin Asiya-Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Katibliyi ilə əməkdaşlıq çərçivəsində Şimali və Mərkəzi Asiyada multimodal daşımalar və dəmir yolunun rəqəmsallaşdırılması üzrə ekspertlər iclası keçirilib.
Noyabrda “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Zirə qəsəbəsində genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.
Noyabrda “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Noyabrda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib. Görüşün sonunda Azərbaycan, Türkiyə və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022 – 2027-ci illər Yol Xəritəsi” imzalanıb.
Noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır.
Noyabrda “Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib.
Dekabrda nazir Rəşad Nəbiyev Brüsseldə işgüzar səfərdə olub.
Dekabr ayında AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib.
Dekabrda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi aparıcı beynəlxalq “Lenovo” texnoloji şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Dekabrda Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilib.
Dekabrda Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşü keçirilib. Nəqliyyat sahəsi üzrə müzakirələr aparılıb.
Dekabrda “Baktelecom” Suraxanı və Sabunçu rayonları ərazisində genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb.
Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistanın müvafiq qurumları arasında nəqliyyat sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. Razılaşma üç dövlətin ərazisi arasında və onların ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafı, nəqliyyat vasitələrinin rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsi və avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılması kimi məsələlərdə üçtərəfli əməkdaşlığı nəzərdə tutur.
Dekabrda Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.
Dekabr ayında “Azərpoçt” “Şuşa ili”nə həsr olunmuş marka kolleksiyasını dövriyyəyə buraxıb.
Dekabrda “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb.
Dekabrda “Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
Dekabrda “Azərpoçt” MMC “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alıb. Bununla da “Azərpoçt”un POS-terminal istifadə olunan bütün şöbə və filiallarında “Mastercard” sahibləri ilə yanaşı, “VISA” kart sahibləri nağdsız ödənişlər edə biləcəklər.
Dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb. Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq.