Məlum olan səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləmişdi.
Lakin 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlamışdır. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlamışdır.
1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.
Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.
Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.
1998-2003-cü illərdə Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmış, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunmuşdur.
1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılmış, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.
ХХ əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdur.