Tarix

2004 - 2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması

Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.

Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.

2004

  • Avqust ayının 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirilmişdir.

2005

  • İyun ayının 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
  • Oktyabr ayının 1-də Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda NGN-yeni nəsil şəbəkə avadanlığı tətbiq edilmişdir.
  • Dekabr ayının 30-da “Azerfon”MMC-yə GSM mobil rabitə xidmətinin təşkili üçün xüsusi razılıq (lisenziya) verilmişdir. Bununla da mobil rabitə bazarına üçüncü operator daxil olmuşdur.

2006

  • “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilmişdir.

2007

  • Fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır.

2008

  • Post-sovet məkanında birinci olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırılmışdır.
  • DİLMANC layihəsi çərçivəsində Azərbaycan dilində nitq tanınması üçün proqram təminatı yaradılmışdır.

2009

  • Kompüterləşdirmə səviyyəsinin artırılması üçün “Xalq kompüteri” layihəsinin icrasına başlanılmışdır.
  • 21 dekabrda BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edilmişdir.
  • Azərbaycanda kosmik sənayenin yaradılmasına start verilmişdir.

2010

  • Respublikanın regionlarının telefon şəbəkəsinin elektronlaşdırılması prosesi tam başa çatdırılmışdır.
  • Azərkosmos ASC yaradılmışdır.
  • Poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır.

2011

  • Ölkədə elektron hökumətin qurulması istiqamətində mühüm işlər görülmüş, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə başlanmışdır.

2012

  • İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır.
  • Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.
  • İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.

2013

  • Azərbaycan Respublikası Prezidentinin 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
  • 5 fevral tarixində “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
  • “İKT ili” çərçivəsində - fevralın 8-də müstəqillik tariximizin ən önəmli hadisələrindən biri kimi, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” Fransız Qvianasında yerləşən Kuru kosmodromundan uğurla orbitə buraxılmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 2 aprel tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları təsdiq edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 5 mart tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsi təsdiq edilmiş, həmçinin Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
  • Mobil Cihazların Qeydiyyat Sistemi yaradılmış və may ayının 1-dən etibarən fəaliyyətə başlamışdır.
  • Domen adlarının onlayn qeydiyyatı və Azərbaycan əlifbası ilə domen adlarının qeydiyyatı sistemi 2 oktyabr tarixindən etibarən istifadəyə verilmişdir.
  • Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir.
  • Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında lider mövqedə, eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.
  • Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2013-2014” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuş və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.
  • Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Measuring the Information Society - 2013” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 157 ölkə arasında 61-ci yeri tutmuşdur.
  • Ümumilikdə 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülmüş, müsbət uğurlara imza atılmış və “İnformasiya-kommunikasiya texnologiyaları ili” sektorun inkişafı baxımından yaddaqalan il olmuşdur.