Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.

Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləməni və nəzarəti, kritik informasiya infrastrukturları və dövlət orqanlarına məxsus informasiya infrastrukturlarına münasibətdə isə məlumat mübadiləsini həyata keçirən, dayanıqlılığın artırılmasını təmin edən, informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya edən, habelə dövlət orqanlarına məxsus informasiya infrastrukturları və kritik informasiya infrastrukturları istisna olmaqla, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması məqsədilə preventiv tədbirlər görən publik hüquqi şəxsdir.

Agentlik, həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının (istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edir.

Bununla yanaşı, qanunvericilik çərçivəsində yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlərin görülməsi və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət həyata keçirən səlahiyyətli qurum kimi fəaliyyət göstərir.

 

Fəaliyyət istiqamətləri:

  • müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;
  • müvafiq sahədə fəaliyyətin normativ hüquqi aktlara uyğun olaraq təşkilini, əlaqələndirilməsini, tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;
  • kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) etmək;
  • ölkə üzrə informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə preventiv tədbirlər görmək;
  • informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, kibertəhdidlər, baş vermiş kiberinsidentlər, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (kibertəhlükələr) barədə dövlət orqanlarından, sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, istifadəçilərdən, proqram təminatı və texniki avadanlıq istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək (kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə);
  • mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirmək, istifadəçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin etmək (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə);
  • müvafiq sahə üzrə tövsiyələr vermək;
  • müvafiq sahə üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə və Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla əməkdaşlıq etmək;
  • yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görmək;
  • fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görmək;
  • müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, habelə innovativ ideya və layihələrin dəstəklənməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görmək;
  • müvafiq sahə üzrə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək.
  • loqo PNG | 296.21K
  • loqo PNG | 296.21K