Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar  2018-ci il tarixli Fərmanı ilə  isə, Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.

Agentlik mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Fəaliyyət istiqamətləri:

  • mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;
  • öz səlahiyyətləri daxilində normativ tənzimləməni həyata keçirir;
  • mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir;
  • beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq, onların işində iştirak edir, həmçinin xarici ölkələrin Aviasiya Administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir;
  • mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirir;
  • aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir;
  • hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  • xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir;
  • Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir;
  • aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır;
  • mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir;
  • mülki aviasiya sahəsinə dair qanunvericilik aktlarının layihələrinə dair rəy verir.
  • loqo PNG | 10.92K
  • loqo PDF | 12.14K