İctimai Şura üzvləri AYNA-nın rəhbərliyi ilə görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayevlə görüşüblər.
AYNA-nın İdarə heyətinin sədri avtomobil nəqliyyatı ilə sərnişindaşıma və yükdaşıma sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Görüşdə ictimaiyyəti maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb. Yol hərəkətinin, ictimai nəqliyyatın işinin təşkili, nağdsız ödəniş, parkinq, marşrutların yenilənməsi, mobilliyin transformasiyası, avtobus dayanacaqlarının monitorinqi kimi mövzular diqqət mərkəzində olub.
İctimai Şura təmsilçiləri müzakirə olunan mövzular üzrə rəyləri qurumun rəhbərinə təqdim ediblər. Hər iki tərəf bu cür görüşlərin davam etdirilməsinin faydalı olduğunu bildirib.