Xəbər

Bakının ictimai nəqliyyat, mikromobillik infrastrukturu BNF-nin hesabatında nümunə kimi göstərilib

Xəbər
Bakının ictimai nəqliyyat, mikromobillik infrastrukturu BNF-nin hesabatında nümunə kimi göstərilib

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Səmərəli şəhər nəqliyyatının təmin edilməsi üçün tələbin idarə olunması” hesabatında Bakının mikromobillik infrastrukturu və şəhər məkanının piyadalar üçün daha əlçatan və rahat şəkildə yenidən təşkili ayrıca nümunə kimi göstərilib.

Hesabatda qeyd olunub ki, 2025-ci ildə Bakıda 15 kilometr yeni mikromobillik zolağı təşkil edilib və şəbəkənin uzunluğu 60 kilometrə çatıb. Növbəti mərhələdə bu rəqəmin 100 kilometrə qədər artırılması nəzərdə tutulur. Eyni zamanda şəhərdə 872 skuter və 623 velosiped üçün parklanma yeri yaradılıb.

İcarə xidmətləri də sürətlə böyüyür. Hesabatda bildirilib ki, Bakıda təxminən 4900 skuter və 2200 velosiped icarəyə verilir. 2025-ci ildə təxminən 405 min istifadəçi 3,74 milyon səfər edib və ümumilikdə 10,6 milyon kilometr qət edilib. Mikromobillik şəhər mərkəzindən başlayan və ya orada bitən şəxsi nəqliyyat səfərlərinin (avtomobil, taksi və mikromobillik birlikdə götürüldükdə) 12 faizini təşkil edir.

Hesabatda Azərbaycanda səkilər və piyada yolları üçün yeni dövlət standartlarının qəbul edilməsi də piyada əlçatanlığına daha ciddi yanaşmanın göstəricisi kimi qeyd olunur.

 

Yeni yaradılan piyada zonaları və nəzarətli giriş sistemləri

Hesabatın “Bakıda küçə məkanının yenidən bölüşdürülməsi” bölməsində bildirilib ki, 2024-cü ildən şəhərin mərkəzində avtomobil girişinin məhdudlaşdırılması və piyadalara, ictimai nəqliyyata üstünlük verilməsi sürətlənib. Bu təkcə küçələrin tam piyadalaşdırılması demək deyil, vaxta görə giriş məhdudiyyətləri, nəzarətli giriş sistemləri, dayanacaq yerlərinin başqa məqsədlərlə istifadəyə verilməsi və nəqliyyat növlərinin bir-biri ilə uzlaşdırılması kimi fərqli addımları əhatə edir.

Bu tədbirlərə misal olaraq Xaqani bağı ətrafında həftəsonları yaradılan müvəqqəti piyada zonaları, İçərişəhər və Əziz Əliyev küçəsində avtomobil girişinin məhdudlaşdırılması, turist avtobusları üçün tarixi mərkəzdən kənarda ayrıca dayanacaq nöqtələrinin təşkili göstərilib. Bununla belə, sakinlər, ərazidə işləyənlər və xidməti maşınlar üçün giriş imkanı saxlanılıb.

Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə həyata keçirilmiş dəyişikliklər də hesabata daxil edilib. Bu ərazi şəhərin ən işlək nəqliyyat qovşaqlarından biri sayılır. Avtomobil hərəkəti və parklanma məhdudlaşdırılıb, əvvəlki dayanacaq sahələri sərnişinlərin minib-düşməsi üçün nəzarətli zonalara çevrilib.

BNF bu addımları şəhərə çıxışın asanlaşdırılması, tıxacların azaldılması və avtomobildən asılılığın aşağı salınması baxımından konkret nəticə kimi qiymətləndirib.

 

114 kilometr yeni avtobus zolağı və “Rəqəmsal əkiz” modeli

Hesabatda Bakıda son 4 ildə istifadəyə verilən 114 kilometr yeni avtobus zolağı prioritet hərəkət zolaqlarına dair beynəlxalq nümunələr sırasında qeyd olunub. Bildirilib ki, bu tədbir avtobus nəqliyyatının etibarlılığını və hərəkət tezliyini artırmaq, tıxacları azaltmaq və həssas yol istifadəçilərinin təhlükəsizliyini yüksəltmək məqsədi daşıyır.

Nəqliyyat layihələrinin qiymətləndirilməsi bölməsində isə Bakının “Rəqəmsal əkiz” nəqliyyat modeli qabaqcıl təcrübə kimi təqdim edilib. Vurğulanıb ki, bu model metro infrastrukturunun genişləndirilməsi də daxil olmaqla 20-dən çox nəqliyyat layihəsi üzrə alternativ həllərin qiymətləndirilib müqayisə edilməsi üçün istifadə olunub.

BNF-nin qeydləri Azərbaycanın şəhər nəqliyyatı sahəsində idarəetmə, maliyyələşdirmə və rəqəmsal planlaşdırma istiqamətlərində həyata keçirdiyi kompleks islahatların beynəlxalq səviyyədə tanınmasını əks etdirir.