Xəbər

Azərbaycanda süni intellektin tətbiqi ilə bağlı milli standartların qəbul edilməsinə başlanılıb

Xəbər
Azərbaycanda süni intellektin tətbiqi ilə bağlı milli standartların qəbul edilməsinə başlanılıb

“Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na uyğun olaraq süni intellekt üzrə standartlaşdırmanın tətbiqi istiqamətində işlər davam etdirilir. Süni intellekt standartlarının hazırlanması, ekspertizası və təsdiqə verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında müxtəlif aidiyyəti qurumların daxil olduğu “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə 5 nömrəli Texniki Komitə tərəfindən həyata keçirilir.

Texniki Komitəyə “Azərbaycan Standartlaşma İnstitutu” PHŞ, Dövlət Təhlükəsizlik Xidməti, “İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi”, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və digər aidiyyəti qurumlar üzvdür.

Texniki Komitənin son illər fəaliyyəti nəticəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində aktual olan çoxsaylı beynəlxalq standartların müəyyənləşdirilməsi və onların milli standart kimi tətbiqi üzrə tədbirlər görülüb. Bunlardan 8-i süni intellektlə bağlı standartlar olub.

Həmçinin Texniki Komitənin rəhbərliyi və üzvləri müxtəlif beynəlxalq konfrans və seminarlarda aktiv iştirak etməklə ölkəmizin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına töhfə verirlər.