Azərbaycan və Türkiyə “eCMR” üzrə əməkdaşlığı möhkəmləndirir

İyunun 19-da Bakı şəhərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə Beynəlxalq nümunəli Elektron Əmtəə-Nəqliyyat Qaiməsi (eCMR) pilot layihəsinin icrasına dair üçüncü texniki görüş keçirilib. Tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri, texniki mütəxəssislər, özəl sektor nümayəndələri, həmçinin “eCMR” üzrə pilot layihənin tərəfdaşı olan Türkiyə Respublikasının nümayəndə heyəti və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) eksperti iştirak ediblər.
Görüş zamanı “eCMR” yol xəritəsinin icrası üzrə əldə edilən irəliləyişlər və iki ölkə arasında həyata keçiriləcək pilot mərhələyə hazırlıq işləri müzakirə olunub.
RİNN nümayəndələri rəqəmsal nəqliyyat sənədlərinin tətbiqinə dair yol xəritəsini və UNECE ilə əməkdaşlıq çərçivəsində görülən işləri təqdim ediblər. Qeyd olunub ki, rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər regional əməkdaşlıq üçün geniş imkanlar yaradır.
UNECE nümayəndəsi Konstantinos Aleksopoulos “eCMR”in tətbiqi üzrə Ekspertlər Qrupunun son dövrlərdəki fəaliyyəti barədə məlumat verib və Azərbaycanın bu sahəyə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb. Həmçinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılan yeni konseptual və texniki spesifikasiyalar haqqında məlumat verib.
Türkiyənin nümayəndə heyətinin üzvləri “CMR” sənədlərindən istifadəyə dair hazırkı təcrübələri, “eCMR” sisteminə keçidin perspektivləri və üstünlükləri, rəqəmsal daşımalarla bağlı milli hüquqi çərçivə və qurumlararası əməkdaşlıq mexanizmləri barədə çıxış ediblər.
Azərbaycanın informasiya texnologiyaları (İT) komandası yerli “eCMR” platformasının texniki imkanları və son yeniliklərini əyani şəkildə təqdim edib.
Görüşün sonunda pilot layihə üçün birgə fəaliyyət planının hazırlanması, iki ölkənin İT komandaları arasında texniki əməkdaşlığın davam etdirilməsi, hüquqi və prosedur məsələlərin uyğunlaşdırılması məqsədilə işçi səviyyəli məsləhətləşmələrin təşkili barədə razılıq əldə olunub.
Bu layihə beynəlxalq nəqliyyat sahəsində BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzi (UN/CEFAT) standartlarına uyğun olaraq həyata keçirilən ilk “eCMR” pilot təşəbbüsü olacaq.