Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İctimai Şuranın təşəbbüsü ilə internet provayderləri ilə görüş keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycanda internet xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Tədbirdə İctimai Şuranın üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının rəhbər şəxsləri, ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları, internet provayderləri, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarına Azərbaycanda internet təminatının yaxşılaşdırılması, istifadəçilər üçün internetin daha əlçatan olması, mövcud infrastrukturun yenilənməsi istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib.
Müzakirələr zamanı bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələrini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.
Həmçinin internet xidmətlərinin təminatının daha da yaxşılaşdırılması üçün dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin vacibliyi və aspektləri, internet xidmətinin keyfiyyəti və tarifləri müzakirə olunub. İstifadəçilərin dayanıqlı, keyfiyyətli və fasiləsiz internet xidmətləri ilə təmin edilməsi, problemlərın aradan qaldırılmasına çevik reaksiya verilməsinin vacibliyi provayderlərin diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçıları belə bir görüş təşkil edildiyi üçün İctimai Şuraya öz minnətdarlığını bildirib və bu formatda müzakirələrin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.