Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Görüşdə İctimai Şuranın üzvləri, “Avirtel”, “Sazz-LTE”, “Smart systems technology”, “Azintex” internet provayderlərinin rəhbərləri və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib.
İclasda internetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb.
İctimai Şuranın sədri Siruz Abasbəyli çıxış edərək bu toplantının nazirlikdə keçiriləcək birgə görüşün ilkin müzakirəsi olduğu və bu işdə rəhbərliyin İctimai Şuranın sədr müavini Qalib Qurbanova həvalə edildiyini diqqətə çatdırıb.
Qalib Qurbanov çıxışında hazırda ölkəmizdə internet sahəsində böyük nailiyyətlərin əldə olunduğunu söyləyib. Şuranın sədr müavini əlavə edib ki, bu sahədə müəyyən problemlər də mövcuddur.
“İctimai Şura olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin problemlərin həlli istiqamətində addımlar atmağa hazır olduğu və diqqət ayırdığını müşahidə edirik”, – deyə Qalib Qurbanov vurğulayıb.
Sonra internet provayderlərinin rəhbərləri bu sahə üzrə mövcud problemləri səsləndiriblər.