İctimai Şura və “Aztelekom” MMC-nin nümayəndələri arasında görüş keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura və “Aztelekom” MMC-nin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə İctimai Şuranın sədri Siruz Abasbəyli, üzvü Osman Gündüz, “Aztelekom” MMC tərəfdən isə baş direktorun birinci müavini Aysel Soltanova və Kommersiya departamentinin rəhbəri Fərid Salamov iştirak ediblər.
Əsas müzakirə mövzusu son vaxtlar GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində edilmiş dəyişikliklə əlaqədar daxil olan müraciətlərlə bağlı olub.
Həmçinin görüşdə “Aztelekom”da aparılan infrastruktur dəyişiklikləri və modernizasiya işləri, ölkə üzrə yeni GPON internet sisteminin qurulmasına dair fikir mübadiləsi aparılıb.
İctimai Şura təmsilçiləri müzakirə olunan mövzular üzrə rəyləri qurum rəhbərliyinə təqdim edib. Hər iki tərəf bu cür görüşlərin davam etdirilməsinin faydalı olduğunu bildirib.