Xəbər

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi uğurla yekunlaşıb

Xəbər
“Uşaqlara kiberqayğı 2” qrant layihəsi uğurla yekunlaşıb

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara kiberqayğı 2” qrant layihəsi uğurla yekunlaşıb.

Sonuncu maarifləndirmə təlimi 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil olunub. Uşaqlara fərdi məlumatlar və onların mühafizəsi yolları, internet və sosial mediadan təhlükəsiz istifadə üsulları, internetdə qarşılaşa biləcəkləri təhlükələr və kibergigiyena qaydaları, rəqəmsal bacarıqları inkişaf etdirməyin yolları barədə məlumat verilib.

İnteraktiv formada keçən görüşdə uşaqların sualları cavablandırılıb və onları maraqlandıran mövzular izah olunub.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Xatırladaq ki, “Uşaqlara kiberqayğı 2” qrant layihəsi çərçivəsində bundan əvvəl Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində, 1 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrində və “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində təlimlər təşkil olunub. Tədbirlərdə 10-17 yaş kateqoriyaları üzrə ümumilikdə 161 uşaq iştirak edib.

Layihə sağlamlıq imkanları məhdud və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar, internetdən istifadə zamanı fərdi məlumatların qorunması barədə maarifləndirmək məqsədi daşıyır.

Bu təşəbbüs, eyni zamanda həssas kateqoriyaya aid uşaqların rəqəmsal mühitdə özlərini güvənli hiss etmələrinə və gələcəyə daha hazırlıqlı şəkildə addımlamalarına dəstək göstərməyə yönəlib.