Xəbər

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

Xəbər
“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Uşaqlara kiberqayğı 2” qrant layihəsi başlayıb. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində maarifləndirici təlim təşkil olunub.

Təlimdə görmə qabiliyyəti qismən məhdud olan şagirdlərə “İnternetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi”, “Kibertəhlükəsizliyin əsasları” və “Rəqəmsal bacarıqların inkişafı” mövzularında geniş məlumat verilib. Tədbir zamanı fərdi məlumatların qorunma yolları, sosial mediadan təhlükəsiz istifadə üsulları, internet mühitində rast gəlinən təhdidlər və kibergigiyena qaydaları ətraflı izah edilib. Eyni zamanda rəqəmsal dünyada bərabər imkanların yaradılması məqsədilə müasir rəqəmsal bacarıqların inkişaf etdirilməsi yolları barədə danışılıb.

İnteraktiv formatda keçən görüşdə uşaqların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.