“Uşaqlara kiberqayğı 2” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə icra olunan “Uşaqlara kiberqayğı 2” qrant layihəsi çərçivəsində 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.
Təlimdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlara internet dünyasının təhlükələri, fərdi məlumatların mühafizəsi metodları, sosial platformalarda təhlükəsiz fəaliyyət və əsas kibergigiyena qaydaları izah edilib. Bununla yanaşı, texnoloji dövrdə hər bir uşağın bərabər imkanlara sahib olması üçün müasir rəqəmsal bacarıqların necə inkişaf etdirilməsi barədə söhbət açılıb.
İnteraktiv formada davam edən görüşdə uşaqların sualları ətraflı cavablandırılıb, tədbirin yekununda isə onlara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.