Ümumdünya Poçt İttifaqı Azərbaycanın yubiley markası buraxmaq təşəbbüsünü yüksək qiymətləndirib
1-2 fevralda İsveçrənin paytaxtı Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) 150 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.
Əlamətdar tədbirlərdə iştirak edən ÜPİ-yə üzv ölkələrin poçt operatorları poçt xidmətlərinin tarixi ilə tanış olmaq imkanı əldə ediblər.
“Azərpoçt” MMC-nin təşəbbüsü ilə ÜPİ-nin 150 illiyi münasibətilə hazırlanmış xatirə markası 1 fevralda Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metokinin və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Fövqəladə və Səlahiyyətli səfiri Fuad İsgəndərovun iştirakı ilə möhürlənib və dövriyyəyə buraxılıb. Bu tədbirin gedişatında möhürlənən yeganə marka Azərbaycan markası olub.
Masahiko Metoki bu təşəbbüsə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, sözügedən poçt markası artıq həm də ÜPİ-nin tarixinin bir hissəsidir.
Qonaqlara hədiyyə qismində markalı bukletlər təqdim olunub və “İlk gün” möhüründən istifadə imkanı yaradılıb.
Tədbirdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Xəyyam Əlizadə və Marka şöbəsinin müdiri Sitarə Hüseynova da iştirak ediblər.
Qeyd edək ki, 1874-cü ildə əsası qoyulmuş və qərargahı Berndə yerləşən Ümumdünya Poçt İttifaqı dünyanın ikinci ən qədim beynəlxalq təşkilatıdır və poçt sektoru iştirakçıları arasında əməkdaşlıq üçün əsas platforma rolunu oynayır.