Xəbər

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib

Xəbər
“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib

5 iyul tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda iclası keçirilib. İclasda işçi qrupunun üzvü olan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib. Eyni zamanda müvafiq göstəricilərin inkişaf etdirilməsi üçün işçi qrupunun öz fəaliyyət istiqamətlərinə uyğun tədbirlər görməsinin və beynəlxalq təşkilatlarla bu istiqamətdə danışıqlar aparılmasının əhəmiyyətini vurğulayıb. V.Şıxəliyev bildirib ki, işçi qrupun üzvlərinin səyləri nəticəsində aidiyyəti sahələr üzrə diqqətəlayiq irəliləyişlərə nail olunub, lakin daha yaxşı nəticələr əldə edilməsi üçün bir sıra araşdırma aparılması zəruridir.

İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd olunan məsələlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən atılan addımlar və icrası davam etdirilən tədbirlər barədə danışıb. S.Məmmədov mobil rabitə, internet xidmətləri, startaplara verilən dəstək və eyni zamanda tələbələrə “Technest” proqramı çərçivəsində təklif edilən proqramlaşdırma və kodlaşdırma üzrə tədris və onun uğurlu nəticələri barədə məlumat verib. Eyni zamanda Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün nazirlik tərəfindən həyata keçirilən fəaliyyətə nəzər yetirilib.

Sonda dövlət qurumlarının nümayəndələri tərəfindən işçi qrupunun 2022-ci il üzrə görülmüş işlərin hesabatları və 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflər müzakirə olunub. Verilmiş məlumatlar əsasında Komissiya Katibliyinin rəhbəri tərəfindən müvafiq təkliflər və qərarlar verilib.