Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib
Bu gün 2 iyun – mülki aviasiya işçilərinin və 23 iyun – dövlət qulluqçularının peşə bayramları münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş sahə işçilərinə dövlət mükafatlarının təqdim olunma mərasimi keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək cənab Prezidentə sahə əməkdaşlarına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə vətəndaşların səfər etmələri, bölgədə əhalinin məskunlaşması və rahat yaşayışının təmin olunması üçün nəqliyyat infrastrukturu və telekommunikasiya şəbəkəsinin qurulması işləri davam etdirilir.
Ölkədə rəqəmsallaşma və nəqliyyat sahəsində həyata keçirilən yeniliklər və transformasiya prosesi, eləcə də gələcək planlar haqqında geniş məlumat verilib. Qazanılan uğurlarda hər bir əməkdaşın əməyinin olduğu vurğulanıb.
Tədbirin sonunda Rəşad Nəbiyev təltifə layiq görülənlərə dövlət mükafatlarını təqdim edərək onlara yeni nailiyyətlər arzulayıb.