Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib
6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş sahə əməkdaşlarına dövlət mükafatlarının təqdim olunma mərasimi keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, cənab Prezidentə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib.
“İnanıram ki, əməyinə verilən bu yüksək qiymət hər bir sahə işçisini daha məsuliyyətli olmağa, böyük motivasiya və əzmlə çalışmağa sövq edəcək”, – deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev bildirib ki, Sovet hakimiyyəti dövründə və müstəqil Azərbaycanda rabitə sektorunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində innovativ layihələrin tətbiqi geniş vüsət alıb.
Tədbirdə nazirliyin ötən il əldə etdiyi nailiyyətlər, xüsusilə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər haqqında məlumat verilib.
Bildirilib ki, 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib. 2024-cü ilin sonunadək evlərin 100 faizi müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.
Əlavə edilib ki, 2021-ci ildə avtomobillərə “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü qaydaları dəyişdirilib, dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib.
Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə ötən il ərzində təxminən 50 faiz ərazidə “4G” mobil texnologiyaların şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Eyni zamanda, 1400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir. Hazırda 1500 km-dən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.
Nazir çıxışının sonunda 2022-ci ildə rəqəmsallaşma və nəqliyyat sahəsində həyata keçirilməsi nəzərdə tutulan işlər barədə danışıb.
Sonra Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Tədbirin davamında 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuş şəxslərə dövlət mükafatları təqdim olunub.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.