“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçiriləcəyi “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisinə media tur təşkil olunub.

 

Media nümayəndələri məkanla tanış olublar, onlara festival barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək.

 

Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

 

Əlavə edilib ki, festival çərçivəsində 8 texnoloji müsabiqə – “Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Peyk modelləşdirilməsi” və “Planer”, 3 beynəlxalq tədbir – “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” beynəlxalq startap sammiti, “Rocket League” üzrə Avropa çempionatı təşkil olunacaq. Bundan əlavə, 20 min kvadrat metrlik ərazidə Azərbaycan və Türkiyənin dövlət və özəl sektor təmsilçilərinin sərgi pavilyonları olacaq.

 

Media nümayəndələrinə məlumat verilib ki, festival çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotaj aviaşouları, reaktiv kostyumda uçan adam, su üzərində FLY BOARD şousu, külək turbini, uşaqlar üçün texnoloji üslubda əyləncə attraksionları – uşaq zonası və maraqlı konsert proqramları təqdim olunacaq.

 

Festivalda iştirak ödənişsizdir və https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək asan şəkildə bilet əldə etmək mümkündür.